Təranə Dəmir – Uzun mətnləri sevmirəm
Uzun mətnləri sevmirəm. Mətnin əvvəlində hiss etdiyim həzzi sonunacan çəkib apara bilmirəm. Ya mətn gözdən düşür, ya yazan. Fikirlərim haçalanır. Mənim fikrimcə mətn konkret və qısa olmalıdı. Sitatlar, bir fikrin üstündə ilişib qalmaq, kimlərəsə istinad etmək, hadisələri və məsələləri dörd tərəfdən təhlil etməyə çalışmaq artıqdı zənnimcə. Yəni mən belə düşünürəm. Mənimçün mətn sirr olmalıdı. Oxucunun qənaətləri və gəldiyi nəticələr mətni işıqlandırmalıdı. Acı bağırsaq kimi uzanan mətnlər adamda oxu mədəniyyəti formalaşdırmır. Əksinə insanı qaranlığa çəkib aparır. Həddən artıq işıq da adamı yorur axı. Mətnçi fikirlərini bütün çılpaqlığı ilə ortalığa tökməməlidi. Oxucu tamarzı qalmalıdı. Oxucunu boş və mənasız fikirlərlə doyurmaq və iyrəndirmək olmaz. Təkrar edirəm ki, bu mənim fikrimdi. Sürət zamanında oxucunu dağdan, daşdan keçirmək olmaz. Kəsə getmək lazımdı. Mətn insanla danışmalıdı. Dili, qulağı, gözü olmalıdı mətnin. Mətn pıçıldamalıdı. Hay-küy salan mətnlərin ömrü çox az olur. Qorxaq doğulan mətnlər bu gündən sabaha keçə bilməz. Fikirlər mətn halına salınanadək sənindi. Yazdınsa cəmiyyətin, dünyanın. Amma hər yazı dünyəviləşə bilirmi? Sözün ucundan tutub ucuzluğa getməklə , fikirləri müəyyən qəlibə sığdırmaqla mətni uzunömürlü etmək olmaz.
Poema, povest, roman , epopeya zamanı keçib artıq. Problemlər, qayğılar, informasiya bolluğu cəmiyyəti yorub . Düşüncələr bölünüb.Heç kim yolunu uzatmaq istəmir. Hamı kəsədən getməyə çalışır. 15 bəndlik şeirdəki fikirləri əslində bir bəndə də sığdırmaq olar. Təbii ki, bu da xüsusi məharət və ustalıq tələb edir. Eyni zamanda bir hekayəni bütöv roman səviyyəsinə qaldırmaq olar. Bir əliçiçəkli qadın tablosuna dünyaca fikirləri cəm edə bilərsən. Yetər ki, istəyəsən və bacarasan. Mətnləri köhnə paltardan çıxarmaq lazımdı. Sürət əsrinə uyğun , azad, konkret mətnlər doğulmalıdı. Zamanla ayaqlaşa bilməyən yazılar onsuz da ömrünü başa vuracaq. Biz istəsək də, istəməsək də. Əgər bu gün də 100 il əvvəlki yazılarda ilişib qalmışıqsa, irəliyə bir addım ata bilmiriksə , sıçrayış və novatorluqla razılaşmırıqsa bunun fəsadlarına da hazır olmalıyıq. Boynumuza alaq ki, gözəl və xırda mətnlər doğulur və bu gün meydan onlarındı. Boyası getmiş , nimdaş mətnlərdən çıxma zamanıdı.Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru