Heç olmasa innən belə yaz görüm.
Gəlib doğdun xəzanımda günəş tək,
Hayandaydın bu çağacan, yaz, görüm.
Sənə qədər bir viranə bağ idim,
Heç olmasa innən belə yaz görüm.
Kim saldı ki, güzarını mən sarı,
Payız sarı, xəzəl sarı, gün sarı,
Könlümdəki yaraları sən sarı,
Heç olmasa innən belə naz görüm.
Zaman keçib, ömür -gün də yarıdı,
Kim uduzdu , kim bəxtindən yarıdı,
Qoy desinlər bu da onun yarıdı,
Qoy ərisin ürəyimdə buz ,görüm,
Heç olmasa innən belə yaz görüm.
Bu məhəbbət tərs zamana tuş oldu,
Mən xəzanam , sənsə qönçə çiçəksən.
Quruyarsan bu payızın əlində,
Nə görmüsən bu sazaqda çiçək, sən?
Kim yazar ki, qara bəxti ağla, yar,
İnnən belə kim bizə gün ağlayar?
Get məhrəmin qollarında ağla, yar,
Boğularsan bu yasaqda çiçək , sən.
Niyə düşdük bu sevginin dərdinə?
Heç bilmədik kimin bizlə dərdi nə?
Baxışların sevincimi dərdi nə?
Kül elədin məni ahda çiçək, sən.
Sızıldayır saçımdakı dən indi,
Sor dərdini, azarını dənin ,di,
Buğda verməz mən səpdiyim dən indi,
Çürüyərsən boz torpaqda çiçək ,sən,
Mən xəzanam, sənsə qönçə çiçəksən.
Dərə gəzdim, dağ axtardım özümü,
Mən bu ömrü yaşamadım nədənsə.
Susuz qalan səhralar da göyərdi,
Cücərmədi mən səpdiyim nə dənsə.
Çox dedilər öz bəxtinə güvənmə ,
Sahibi var Göylərin də, Yerin də.
Gah Tanrıya, gah Allaha yüyürdüm,
Heç birini tapammadım yerində.
Min alovdan, min göynəkdən adladım,
Qorxutmadı quru məni, yaş məni.
Mən bu ömrü yaşamadım əməlli,
Bir də gördüm girələyib yaş məni.
Müəllif: Təranə DƏMİR
AYB – nin və AJB -nin üzvü.