ZAUR USTAC. ƏDƏBİYYATIMIZIN BAŞ QƏHRƏMAN PROBLEMİ
ƏLLİ DÖRDÜNCÜ YAZI
ƏDƏBİYYATIMIZIN BAŞ QƏHRƏMAN PROBLEMİ
(Təranə Məmməd sirri “Sirr” ilə çözdü)
Salam olsun, çox dəyərli oxucum. Uca Yaradana dünyadakı kəlmələrin sayı qədər şükürlər olsun ki, yenidən sizlərlə görüşmək nəsibimiz oldu.
Öncə onu qeyd etmək istəyirəm ki, bu mənim Təranə Məmməd yaradıcılığına ikinci müraciətimdir. İlk dəfə səhv etmirəmsə 2018-ci ildə Təranə Məmmədin “Tor” kitabı, bu kitabdakı eyni adlı povesti və digər fərqli problemlərdən bəhs edən oxşar motivli hekayələri ilə tanış olduqdan sonra həmin yazını yazmağı özümə borc bilmişdim. Yazıdakı bəzi fikirlərə görə yaxın və uzaq çevələrdən bəlkə də haqlı sayıla biləcək iradlar da almışdım. Bu gün də eyni səbəbdən bu yazını yazmağı özümə borc bildim. Mətləbə keçməzdən əvvəl onu qeyd etmək istəyirəm ki, həm “Tor”u, həm də “Sirr”i bir nəfəsə oxumuşam. Ümumiyyətlə Təranə xanımın qələmindən çıxmış mətnləri həcmindən asılı olmayaraq bir nəfəsə oxumamaq mümkün deyil.
Qəhrəmanımızın konkret mətn nümunəsinə keçməzdən əvvəl söhbətimizin daha anlaşıqlı olması, yəni mənim qeydlərimi əsaslandıracağına və sizin mətləbə daha yaxın olmanızı təmin edəcəyinə inandığım üçün kiçicik bir ümumi məlumatlandırmaya ehtiyac duydum.
QISA ARAYIŞ: Təranə Məmməd (Əliyeva Təranə Məmməd qızı) 1 iyun 1956-cı ildə anadan olub. Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1981-1990-cı illərdə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən kurslarda və eyni zamanda Bakı Dövlət Universitetində ərəb dilini tədris edib. Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mətbuatda Dövlət Sirlərini Mühafizə edən Baş İdarədə redaktor işləyib. Sonralar isə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində məsul vəzifədə çalışıb. Hal-hazırda ehtiyatda olan Polkovnik-leytenantdır. “Payızda bahar”, “Gözlərdən öpüb ayrılın”, “Etiraf, Priznanie”, “Tor” adlı şeir və nəsr kitablarının müəllifidir. Haqqında söhbət açacağımız “Sirr” kitabı müəllifin oxucuları ilə növbəti görüşüdür.
Təranə xanımın əsərlərin dili, quruluşu və mövzu aktuallığı, əhəmiyyəti baxımından birinci yazımdakı fikrimdə qalıram. “Həcmindən asılı olmayaraq onun qələmə aldığı mətnlər olduqca yığcam, sanki, gözəgörünməz bir struktur sxem üzərinə yığılmış ayrı-ayrı, biri digərinə vəhdət üçün mütləq möhtac olan pazl hissəcikləri toplusu kimidir. Qısa və konkretdir.” Bu baxımdan, “Sirr” romanı müəllifin digər əsərlərindən elə də fərqlənmir. “Təranə xanım adi görünən bir məişət problemi üzərinə qurulmuş təhkiyəni ani bir xatırlama və ya sualla illər öncə baş vermiş əhəmiyyətli hadisənin üzərinə yönəldib, bu mühüm məsələ barəsində bir-iki cümlə ilə oxucuya elə müfəssəl məlumat yüklü informasıya ötürür ki, bu sadəcə qibtə ediləcək hal, onun illərin gərgin əməyinə söykənən, hər ötən saniyənin olduqca qiymətli olduğu, sözün anında fiksasiya etmək bacarığının mühüm olub, həyati əhəmiyyət kəsb etdiyi fəaliyyətindən, iş təcrübəsindən qaynaqlanır. Uzun illər əmək fəaliyyəti nəticəsində qazandığı sistemlilik, yığcamlılıq, dəqiqlik, bütövlük kimi xarakter xüsusiyyətləri hər sözdən, hər cümlədən, hər bir fikirdən boylanır və görünür.
Yazdıqlarının demək olar ki, hamısı həmən-həmən aktual mövzuları əhatə edir. Söhbətin, hekayətin zaman və məkan olaraq hardan başlayıb, harada bitməsindən, məzmunundan asılı olmayaraq hal-hazırda bir vətəndaş kimi hər birimizi narahat edən, … gənclərin və gənc ailələrin problemləri, ölkəmizdə baş verən dəyişikliklər, fasiləsiz inkişaf, quruculuq işləri və başqa digər mühüm əhəmiyyətli hadisələr onun yazdıqlarının əsasını, canını, ruhunu, şah damarını təşkil edir.
Elə yuxarıda sadaladıqlarımız keyfiyyətlər Təranə Məmməd yaradıcılığının zənginliyini, rəngarəngliyini, əhəmiyyətini gözlər önünə sərməyə kifayət edir. Ancaq bunlar hələ hamısı deyil… Həcmindən asılı olmayaraq, Təranə xanımın yazdıqları əhatəliliyi baxımından da çox seçilir. Hər bir bədii səhnənin təsviri, obrazın canlandırılması zamanı xüsusi bir musiqi duyumu, rəssam peşəkarlığı sezilir onun yaratdıqlarında… …Təranə xanımın yaratdığı obrazların prototipləri Şəhidlər Xiyabanında uyuyan şəhidlərimizdən tutmuş, hal-hazırda bizimlə birlikdə gündəlik yaşam mücadiləsi verən müxtəlif zümrələrə aid uşaqlar, yeniyetmələr, gənclər, yaşlılar, xəyalları yarım qalmış övladlar, dünyaları yıxılmış valideynlər, tələbələr, fəhlələr, iş adamları, qazilərimiz, torpaq-yurd həsrəti ilə yaşayan qaçqın-köçkünlərimiz kimi müasirlərimizdir.
“Yazarlar və yazılar” məqaləsindəki yazarların bütün dövrlərdə aktual olan iki sevimli mövzusu var, – “müharibə və məhəbbət” fikrinə qayıdaraq qeyd etmək istəyirəm ki, Təranə Məmməd bu iki mövzunu çox ustalıqla birləşdirib, söz israfçılığına yol vermədən hər güllənin həyati əhəmiyyət kəsb etdiyi xüsusi əməliyyatda olan kəşfiyyatçı əsgər dəqiqliyi ilə bütün məsələlərin öhdəsindən böyük məharətlə gələrək, misilsiz, xüsusi ilə gələcək nəsillər üçün, eyni zamanda müasirlərimiz olub, ancaq dünyadan xəbərsiz yaşayanlar üçün gözəl nümunələr yaradır. Bizə qalan onları əldə edib oxumaqdır.” (Z.U)
Fikrimizi konkret olaraq “Sirr”in üzərində cəmləməyə çalışaq. Bu məsələdə aşağıdakı iki suala aydınlıq gətirmək bizə kömək olacaq: 1) “Sirr”in sirri nədədir? 2) Bu yazının müəllifi –bəndəniz- Zaur Ustacın iddia etdiyi çözülmüş “sirr” nədən ibarətdir?
“Sirr”in sirri nədədir?
Düzü, tam səmimi olaraq etiraf etmək istəyirəm ki, kitabla tanış olduğum ilk andaca yığcamlığı məni qne etsə də adının “Sirr” olması fikirlərimi dolaşdırmışdı. Hətta onu qeyd edim ki, əgər Təranə xanımın yaradıcılığına bələd olmasaydım, adına görə belə gözəl və vacib bir kitabı hələ oxumamış da ola bilərdim. “Sirr” adı ani olaraq xəyallarımı eyni adlı digər əcnəbi müəllif tərəfindən qələmə alınmış motivasiya kitabının yanına aparmış, anındaca Təranə Məmmədin belə bir ucuz reklama ehtiyacı olmadığını düşünərək, ön sözə vaxt itirmədən bir başa Elçinin qardaşı Elvinin əsgərliyə getdiyi yerdən oxumağa başladım. Ayna və onun anası İradə xanımla tanış olan kimi romanı başdan başlamağa məcbur oldum və bir nəfəsə başladığım yerə qədər oxuyub, oradan davam edəsi oldum. Demək olar ki, bir gün, gün yarıma başqa heç bir işlə məşğul olmadan təbii ehtiyaclar gərəyi qısa fasilələr verməklə kitabı oxuyub bitirdim. Bir xeyli müddətdən sonra kitabı ikinci dəfə qeydlər edə-edə oxudum. Kitab birinci yığcamlıq baxımından müasir oxucunun tələblərini ödəyir. Məncə bundan yığcam yazmaq mümkün deyildi. Çünki, diqqətli oxucu özü də romanın sonunda müəllifin daha çox qısaltmalara getdiyinin şahidi olacaq. Qalan bütün məsələr barədə yuxarıda Təranə xanımın ümumi yaradıcılığına xas olan dilin sadəliyi, izahların konkretliyi, yığcamlıq, əhatəlilik hamısı “Sirr”ə də aiddir. Ənənəvi müharibə və məhəbbət mövzusunun iç-içə yürüdüyü əsərdə digər bizi əhatə edən bütün məişət problemləri gözümüzün önündə canlanır, həmən-həmən real həyatda rastlaşdığımız problemlərin çoxunu romanın qəhrəmanları ilə birgə yaşayırıq. Müəllif çox böyük ustalıqla bir problemi yaradır, inkişaf etdirib açır və gözlənilmədən yeni bir problemin içərisində gizlədərək hadisləri ilk cümlələrdən sonda Rəna xanımın “Karvansaray”dakı Elçinlə görüşdə işlətdiyi: – “Ayna sağdır, Elçin.” – xitabına
qədər öləziməyə, oxucunun diqqətinin dağılmasına imkan vermir. Məncə “Sirr”in siri məhz elə bu amildədir.
“Sirr”in çözdüyü “sirr” nədən ibarətdir?
Məncə yazarlar, tənqidçilər, müxtəlif mövzulu bədii əsərləri səhnələşdirən mütəxəssislər, sənətşünaslar, ədəbiyyatsevərlər və diqqətli tamaşaçılar mənim bu fikrimlə razılaşarlar ki, müəyyən məqamlarda müxtəlif müəlliflərin olduqca fərqli variantlarda qələmə almış olduğu “Yusif və Züleyxa” istisna olmaqla “Leyli və Məcnun”dan üzü bəri “Rəşid bəy və Səadət xanım”, “Əli və Nino” və digər saysız-hesabsız klassik və müasir bədii yaradıcılıq nümunələri ədəbiyyatımızda əsərin baş qəhrəmanı (qəhrəmanları) problemini həll edə bilməmişdir. Bəlkə də bu problemin öz həllini tapmaması müxtəlif janr və cərəyanların ortaya çıxmasına səbəbiyyət vermişdir. Məsələn uğurlu finalı həll etmək mümkün olmadıqda “faciə”, hadisələrin bitmədiyi göz qabağanda ola-ola gediləsi düzgün yolu tapa bilmədikdə isə “post-insan” kimi absurd variantlar ərsəyə gəlmişdir və kimin necə qəbul etməyindən asılı olmayaraq bu reallıqlar mövcuddur. Təranə Məmməd məncə özü də bilmədən (çünki bu barədə ondan şəxsən soruşduqda belə bir iddiasının olmadığını söyləmişdir) yaxud da bilərəkdən, düşünülmüş şəkildə hadisələri müxtəlif kombinasiyalarla inkişaf etdirərək uzun və keşməkeşli yollardan keçirərək əsərin baş qəhrəmanlarını xoşbəxt sonluğa gətirib çıxardır. Bu uğurlu final elə böyük ustalıqla öz həllini tapıb ki, məsələ sadəcə xoşbəxt sonluqla bitmir, o sonsuzluğa doğru yol alır. Sanki, qəhrəmanlar ölməzlik qazanırlar. Həyat sonsuza qədər davam edəcək. Bütün problemlər həll olunub. Sevgi qalib gəlib. Amansız müharibə və münaqişələr usta bir siyasətlə tarix səhnəsindən silinib.
Təranə xanım bu əsəri yazanda qarşısına hansı məqsədi qoyubsa, ən doğrusunu özü bilir. Ancaq mən böyük əminliklə onu deyə bilərəm ki, “Sirr”in var olması artıq bir çox sirləri yox etdi. “Sirr” diqqətli qələm adamları üçün yeni üfiqlər, oxucular üçün isə maraqlı sevgi dastanıdır. Təranə xanım hər iki vəzifənin öhdəsindən layiqincə gələ bilmişdir. O, öz yaradıcılığı barədə sualları cavablandıranda nə qədər təvəzökar omasından asılı olmayaraq, ortada olan real vəziyyət, ədəbiyyat hadisəsi və həqiqi nümunələr var. Bu münasibətlə onu təbrik edir yeni-yeni yaradıcılıq uğurları arzu edirik. Xeyirli-uğurlu olsun, Təranə xanım. Yolunuz açıq olsun…
Sona qədər həmsöhbət olduğunuz üçün təşəkkürümü bildirir, Uca Yaradandan hamınıza uzun ömür, cansağlığı, ailə səadəti arzu edirəm. Yeni-yeni görüşlərədək. Var olasız. Uğurlarınız bol olsun.
10.11.2022. Bakı.
Müəllif: Zaur USTAC,
“Yazarlar” jurnalının baş redaktoru,
şair-publisist.
PDF>>>ZAUR USTAC UŞAQ ŞEİRLƏRİ
PDF: >>>>> ZAUR USTAC “QƏLƏMDAR-2”
PDF>>> ZAUR USTAC “BB” KİTABI
>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<
ZAUR USTACIN SATIŞDA OLAN KİTABLARI
YAZARLAR.AZ
===============================================
<<<<<< WWW.USTAC.AZ və WWW.BİTİK.AZ >>>>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru