Bakı dünya çempionatına ev sahibliyi edəcək.
ZəfərNews.az xəbər verir ki, 2026-cı ilin iyun ayında Azərbaycan yenidən cüdo dünyasının mərkəzinə çevriləcək və Dünya Çempionatına ev sahibliyi edəcək. Bu barədə Beynəlxalq Cüdo Federasiyası və Azərbaycan Cüdo Federasiyası arasında razılıq əldə olunub.
Qeyd edək ki, cüdo üzrə Los Anceles 2028 Yay Olimpiya Oyunlarına lisenziya təsnifat yarışları məhz Bakıda keçiriləcək dünya çempionatı ilə start götürəcək.
Bu nüfuzlu tədbir, yeni Olimpiya dövründə qlobal cüdo icması tərəfindən böyük maraqla gözlənilir. Dünyanın bir çox ölkəsindən ən güclü idmançılar paytaxt Bakıda mübarizə aparacaq.
Xatırladaq ki, Azərbaycan 2018-ci ildə də cüdo üzrə Dünya Çempionatına ev sahibliyi edib və yüksək səviyyəli beynəlxalq idman tədbiri təşkil etmək təcrübəsinə malikdir.
Beynəlxalq Cüdo Federasiyası tərəfindən yayımlanan məqalədə Bakının bu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı dəstəyi və ölkənin idman təşkilatlarının birgə səyləri sayəsində Azərbaycanın cüdo sahəsində güclü oyunçuya çevrildiyi qeyd olunur. Məqalədə, həmçinin, Hidayət Heydərov və Zelim Kotsoyevin Paris 2024 Olimpiya Oyunlarında qazandıqları qızıl medallar bu nailiyyətlərin zirvəsi kimi göstərilir.
Azərbaycan Cüdo Federasiyası dünya səviyyəli infrastruktur, dərin idman ənənələri və coşğulu azarkeş dəstəyi ilə idmançıları, rəsmi şəxsləri və cüdo həvəskarlarını Dünya Çempionatında qarşılamağa hazırlaşır.