Mahirə Nağıqızı – Gününüz mübarək olsun, müəllimlər!
Tanınmış alim-şair, pedaqoq, professor MAHİRƏ NAĞIQIZInın 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününü münasibətilə özəl təbriki:
MÜƏLLİM GÜNÜNDƏ…
Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı, gözüm önündə.
Demək istəyirəm sevgiynən dolu,
Sözümü onlara müəllim günündə.
Birinci addımı atdığım andan,
Məni sehirləyib sinif otağı.
Müəllimlərim olub başlanğıcından,
Bir-bir qazandığım uğur ortağım.
Hərdən elə gəlir, qismətim mənim
Silinib-yazılıb dərs lövhəsində.
Tonundan bilmişəm etdiklərimin
Səhvini, düzünü onun səsində.
Qaranlıq yollarda tutdunuz çıraq,
Siz başa saldınız bizə həyatı.
Onu öyrətdiniz elmdən qabaq,
Dayanar insanın mənəviyyatı.
Dediniz ki, alim olmağa nə var,
Bu dünya çox görüb alimi nadan.
Boşdur qazandığın adlar, titullar,
Şəxsiyyət olmazsan, insan olmadan.
Vətəni sevin siz- dediniz bizə,
Ən böyük arxadır, ən isti ocaq.
Əziz müəllimlərim, hər birimizə,
Sizlərin sevgisi ocaq olacaq.
Keçir xəyalımdan ömrümün yolu,
Hər günü, saatı gözüm önündə.
Demək istəyirəm, sevgiynən dolu
Sözümü onlara müəllim günündə!
Məlumatı hazırladı: Günnur Ağayeva
Mustafa Müseyiboğlu adına kitabxana
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru