Weather Data Source: havadurumuuzun.com

“Qarabağ” – “Malmö” matçının öncəsi mətbuat konfransı.

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Malmö” (İsveç) matçından öncə komandamızın baş məşqçisi Qurban Qurbanov və braziliyalı hücumçusu Olavio Juninyonun mətbuat konfransı təşkil olunub. Təcrübəli mütəxəssis sabah baş tutacaq görüş barədə fikirlərini bildirib:

“Sabah vacib oyuna çıxacağıq. Doğma meydançamızda, azarkeşlərimiz önündə ilk matçımız olacaq. Özünəməxsus oyun tərzi olan komandaya qarşı oynayacağıq. Hazırlığımız pis keçmir. Düzdür, bəzi problemlərimiz var. Ancaq yenə də yaxşı oyunla uğurlu nəticə əldə etməyə çalışacağıq”.

Qurban Qurbanov braziliyalı müdafiəçi Mateus Silvanın zədəsinin ciddi olduğunu deyib: “Mateus yəqin ki, bir neçə matçda bizimlə olmayacaq. Marko Yankoviçin isə ümumi durumu pis deyil. Amma onunla bağlı hələ qərar verməmişik”.

Juninyo da qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini söyləyib: “Bütün ölkə, şəhər, azarkeşlər üçün çox önəmli oyun olacaq. Azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik. Avrokubokların son üç oyununda qol vura bilməmişəm. Bütün bunları aradan qaldırmağın yolu məşqlərdə çalışmaqdır. Daha məhsuldar olmağım və komandaya xeyir verməyim üçün baş məşqçi mənə köməklik göstərir”.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Top