Akif Abbasov – İNJİNER
İNJİNER
(hekayə)
Əbülfəz Qədirli neçə illərin kolxoz sədri idi. İşinin öhdəsindən yaxşı gəlirdi. Rəhbərlik etdiyi kolxoz planı da, öhdəliyi də vaxtında artıqlaması ilə yerinə yetirirdi. Odur ki, rayonda hörmətini şaxlar, kənddə sözünün üstünə söz deyən tapılmırdı.
Əbülfəz neçə gün idi ki, Kənd Təsərrüfatı Nazirliyindən cavab gözləyirdi. Məktub yazmışdı ki, kolxoza bir injiner lazımdır. Hələ ki, xəbər-ətər yox idi.
Əbülfəz telefonu götürüb nazirliyi yığdı. Zəng etdiyi məsul şəxsin telefonu məşğul idi. Dəstəyi yerinə təzəcə qoymuşdu ki, katibədən xəbər gəldi:
– Əbülfəz müəllim, sizi gözləyən var. Bakıdandır.
Əbülfəz Qədirli özünü tarazlayıb dik oturdu:
-Buyurub gəlsin.
Orta boylu cavab oğlan idi. Yayın cırhacırında kostyum geyib qalstuk taxmışdı.
Əbülfəz öz-özünə: “Mərifətli, qanacaqlı oğlana oxşayır. Bilir ki, kolxoz sədrinin yanına necə getmək lazımdır. Daha bəziləri kimi yaxası açıq qısa qol köynəkdə, cinsi şalvarda yox.
Oğlan qovluğundan bir kağız çıxarıb irəli gəldi. Əbülfəz Qədirli məktubu alıb gözdən keçirdi. Nazirin əmri idi Əbülfəz oxudu: “Maarif Səlim oğlu Nəzərli “Şərəf” kolxozuna mühəndis təyin edilsin”.
Əbülfəz qaşlarını çatdı. Başını qaldırıb Maarif Nəzərliyə baxdı. Maarif kolxoz sədrinin ona “Xoş gəldin”, deməsini, oturmaq üçün yer göstərməsini istəyirdi. Bunun əvəzində Əbülfəz Qədirli nazirliyin məktubunu geri qaytararaq:
-Ay bala, ay oğul, əziyyət çəkib gəlmisən, – dedi.
Maarif Nəzərli qulaqlarına inanmadı. Özü-özünə: “Bu kişi nə danışır?“ – dedi.
Əbülfəz Qədirli sözünə davam etdi:
-Məndə mühəndis yeri yoxdur. Mən injiner istəmişəm. Gedə bilərsən.
Maarif key-key kolxoz sədrinin üzünə baxıb özünü çölə atdı. O, kolxozda mühəndis yerinin olmamasına az qala inanmışdı. Tər onu basmışdı. Boyun-boğazının tərini silib fikrə getdi:
-Necə yəni mühəndis yeri yoxdur. İnjiner yeri ki var…
Kolxoz sədrinin sadəlövhlüyünə gülməyi tutdu. Nazirliyin məktubu əlində təzədən kolxoz sədrinin otağına girdi.
Bakı şəhəri, 23 senytabr 2024-cü il.
Müəllif: AKİF ABBASOV,
Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi katibi,
pedaqogika elmləri doktoru, professor, Əməkdar müəllim.
Aşıq Qurban: – Pərdəli gəzməyən
Mustafa Müseyiboğlu adına kitabxana
YAZARLAR.AZ
===============================================
<<<< WWW.YAZARLAR.AZ və WWW.USTAC.AZ >>>>
Əlaqə: Tel: (+994) 70-390-39-93 E-mail: zauryazar@mail.ru