Naxçıvan Muxtar Respublikası-100: İdman Festivalının açılış mərasimi baş tutub
Bakı İdman Sarayının təşkilatçılığı ilə keçirilən daha bir möhtəşəm tədbirə start verilib
İyun ayının 21-də Bakı İdman Sarayında Naxçıvan Muxtar Respublikasının (MR) yaradılmasının 100 illiyinə həsr olunmuş İdman Döyüş Növləri Festivalının açılış mərasimi baş tutub. Tədbirin təşkilatçısı Bakı İdman Sarayının direktoru Əli Əsgərovun birbaşa rəhbərliyi ilə keçirilən Festivalın açılış mərasimində şəhid ailələri, qazilər, Gənclər və İdman Nazirliyinin, Bakı şəhərində Naxçıvan MR-in Daimi Nümayəndəliyinin təmsilçiləri, Milli Məclisin üzvləri, Azərbaycan Karate Federasiyasının, digər idman döyüs növləri federasiyalarının, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Açılış mərasimində əvvəlcə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəvi hərbi okestrinin müşayiəti ilə federasiya, assosiasiya və ictimai birliklərin idmançılarının təntənəli paradı baş tutub.
Daha sonra Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra İdman Döyüş Növləri Festivalı üzrə Təşkilat Komitəsinin sədri, Bakı İdman Sarayının İdman şöbəsinin müdiri Yavər Hüseynov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2023-cü il tarixli Sərəncamına uyğun olaraq, bu möhtəşəm təşəbbüsü dəstəkləyib, həyata keçirən Bakı İdman Sarayının direktoru Əli Əsgərovun adından İdman Döyüş Növləri Festivalının təntənəli açılış mərasiminə qatılan qonaqları salamlayıb, onun xoş sözlərini Festival iştirakçılarına çatdırıb. Gənclər və idman naziri Fərid Qayıbovun xüsusi dəstəyi ilə belə bir mühüm kütləvi idman tədbirinin baş tutduğunu vurğulayan Y.Hüseynov bildirib ki, təşkilatçı Bakı İdman Sarayının direktoru Əli Əsgərov dövlət başçısının müvafiq Sərəncamını rəhbər tutaraq Naxçıvan MR-in 100 illiyinə həsr olunmuş Festivalın yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tapşırıqlarını verib, hərtərəfli dəstək, diqqət və qayğı göstərib.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Milli Məclisin üzvləri Jalə Əliyeva, Vüqar İskəndərov, Fazil Mustafa, Sadiq Qurbanov, habelə Azərbaycan və Türkiyənin yazıçılar birliklərinin üzvü, “Milan Hospital”ın təsisçisi və rəhbəri Xuraman Muradova, Dövlət Gömrük Komitəsinin İdman Sağlamlıq Mərkəzinin rəisi Xəzər İsayev, Azərbaycan Qan Donorluğu İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul və digərləri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinin təntənəli şəkildə qeyd edilməsinin, eyni zamanda belə bir möhtəşəm tədbirin keçirilməsinin önəmindən, ölkəmizdə idmanın inkişafına göstərilən dövlət dəstəyindən bəhs ediblər.
Fəxri qonaqların və döyüş idman növləri sahəsində ölkəmizdə böyük nailiyyətlər əldə edən şəxslərin xüsusi mükafatlarla təltif edilməsi müxtəlif idman növləri üzrə federasiya və idman təşkilatları üzvlərinin nümunəvi çıxışları, rəqs kollektivlərinin, o cümlədən “Öncə Vətən deyənlərə salam olsun” İB-nin kompozisiyaları ilə müşayiət olunub.
Xatırladaq ki, 27 idman təşkilatından 2100 idmançının (uşaq, yeniyetmə və gənclər) qatıldığı Festivalda 14 idman döyüş növü (karate (WKF, şotokan, kyokşin, ənənəvi), uşu, kun-fu, “Savat”, Çin döyüş növləri və s.) üzrə yarışlar iyunun 23-ə qədər davam edəcək.
Zefernews.az