“Əsrin yadigarı Heydər Əliyev”
Marneulidə Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümündən bəhs edən tədbir və Əsrin yadigarı Heydər Əliyev adlı kitabın təqdimatı keçirilib
Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümündən bəhs edən tədbir və Ulu Öndərin 100 illiyinə həsr olunan “Əsrin yadigarı Heydər Əliyev” adlı kitabın təqdimatı keçirilib. Tədbirdə Azərbaycan və Türkiyə səfirliklərinin rəsmi şəxsləri, Tbilisi, Rustavi, Bolnisi, Dmanisi və Marneulidən gələn dövlət və hökumət nümayəndələri, ADA Universitetinin Qazax filialının rəsmiləri, şair və yazıçılar, jurnalistlər, ziyalılar, Gürcüstan parlamentinin keçmiş azərbaycanlı deputatları, adı çəkilən rayonların merialarından rəsmi şəxslər və ətraf kəndlərdən gələn ziyalılar, QHT nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərin 101-ci ildönümünə həsr edilmiş tədbiri “Azərbaycan Evi”nin direktoru Məhəbbət İmanov açıb və Heydər Əliyev irsindən və onun keçdiyi mənalı həyat yolundan ətraflı məlumat verib. Tədbir çərçivəsində Azərbaycan səfirliyinin rəsmisi Ramiz Hacızadə, Marneuli Bələdiyyəsinin sədr müavini Rövşən İsgəndərov, Dmanisi Bələdiyyəsinin sədr müavini Arif Süleymanov, “Maarif” Okullarının Tbilisi rəhbəri Ali Sedat Aslan, keçmiş deputatlardan İshaq Novruzov, Azər Sülüymanov, Hidayət Hüseynov, yazıçı Əli Abbas, Marneuli Bələdiyyəsinin deputatı Anar Priyev və “Əsrin yadigarı Heydər Əliyev” kitabının redaktoru Mahmud Kamaloğlu çıxış ediblər.
Filologiya elmləri doktoru, professor Mahmud Kamaloğlu bildirib ki, “Əsrin yadigarı Heydər Əliyev” kitabı ilk dəfə olaraq poema şəkilində Tbilisidə nəşr olunub və hədiyyə olaraq tədbirdə azərbaycanlılara paylanılıb.
Sonra Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nizami Məmmədzadə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin təşəbbüsü ilə yeni nəşr olunan kitab haqqında geniş məlumat verib. Qısa tarix ərzində yazılan əsər tez bir zamanda Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəfis şəkildə oxuculara çatdırılıb. Kitab haqqında müəllif olaraq ürək sözlərini bildirən Əməkdar jurnalist, AYB-nin üzvü Nizami Məmmədzadə yeni nəşr haqqında ilk dəfə dünən Bakıda gündəlik çıxan ictimai-siyasi qəzet olan “Xalq qəzeti”nin məlumat dərc etdiyini açıqlayıb. O, Ulu Öndərin 101-ci ildönümü ərəfəsində kitabın təqdimatının baş tutmasını əlamətdar hadisə olaraq qiymətləndirib. Əməkdar jurnalist bildirib ki, Ulu Öndərin ömür yolundan bəhs edən “Əsrin yadigarı Heydər Əliyev” kitabında Azərbaycan xalqına qarşı azğın erməni vəhşiləri tərəfindən törədilmiş dəhşətli vandalizm hərəkətləri olan Xocalı soyqırımından bəhs edən “Xocalı harayı” poemasının bir parçası, habelə 44 günlük müharibəyə, şəhidlərin ruhuna və şəhid analarına, əsgər və zabitlərə, Bakı və Tbilisiyə həsr olunmuş vətənpərvərlik şeirləri və hekayələr dərc edilib.
Müəllif çıxışında böyük şəxsiyyət Heydər Əliyevin özünəməxsus mənalı və zəngin ömür yolu olduğunu bildirib. Gürcüstan azərbaycanlılarının yaddaşında əbədi yaşayan müdrik və fenomen insan, Azərbaycan Prezidenti olmuş Heydər Əliyevin Qarabağın vaxtilə işğal altında olan torpaqlarının geri qaytarılmasında tövsiyyələri və Azərbaycan dövlətinin daha da güclənməsi barədə, eyni zamanda Türk və Azərbaycan xalqlarının qardaşlığı haqqında fikirləri olub. Nizami Məmmədzadə, eyni zamanda poemada hazırda Azərbaycan Prezidenti seçilmiş İlham Əliyev haqqında “Prezident seçildi Azərbaycana!” şeirini verib və “Dəmir Yumruğ”un yenilməz gücü haqqında poetik fikirərini bildirib.
Tədbirdə “Azərbaycan Evi”nin foyesində Heydər Əliyevin rəsmi tədbirlərdə çəkilən müxtəlif fotoların sərgisi keçirilib və tədbir iştirakçıları üçün milli musiqi və milli mətbəx nümunələri təşkil edilib.
Nizami Məmmədzadə, Əməkdar jurnalist