“AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQI—90”
15 may 2024-cü il tarixində “Azərbaycan Bəstəkarlar İttifaqı – 90” silsiləsindən Bəstəkarlar İttifaqının Ü.Haclbəyli Konsert salonunda Gənc bəstəkarların yaradıcılığına həsr olunmuş Plenumun açılış mərasimi oldu. Plenumun ilk günü gənc bəstəkarların Kamera musiqisindən ibarət əsərlərinə həsr olunmuşdur.
Tədbirdə mədəniyyət, elm və incəsənt xadimləri, o cümlədən, Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov iştirak edirdilər.
Zefernews.az xəbər verir ki,
Plenumun açılış mərasimini giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən gənc bəstəkarların yaradıcılığına həsr olunmuş IX Plenumun keçirildiyini qeyd etdi. Bununla yanaşı Bəstəkarlar İttifaqında gənc bəstəkarların yaradıcılığına dair tədbirlərin, onların əsərlərindən ibarət konsertlərin təşkili, İttifaqın digər tədbirlərində fəal iştirakı, görkəmli sənətkarların yubileylərinin keçirilməsi və bu kimi məsələlərdən söhbət açdı. Firəngiz Əlizadə onu da vurğuladı ki, gənc bəstəkarların təqaüdlərlə təmin olunması, Gənclər günü ilə əlaqədar olaraq mükafatların verilməsi və bu işdə Bəstəkarlar İttifaqının gənclərə göstərdiyi qayğı və diqqət onların yaradıcılığının inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Firəngiz xanım Plenumun iştirakçılarına uğurlar arzulayıb, onların da fəal olmasını tövsiyyə etdi.
Firəngiz Əlizadənin giriş sözündən sonra Plenumun proqramına uyğun olaraq gənc bəstəkarların əsərləri ifa olundu.
Proqrama İlahə Qismət-Abdullanın “Rəngli lövhələr” – fortepiano məcmuəsindən Pyeslər (İfaçı – Beynəlxalq müsabiqələr laureatı Lalə Xəlilli), Sevinc Əliyeva-Qəmbərovanın “Payız gecəsində düşüncələr” romans (söz: Nüsrət Kəsəmənli. İfaçı – Günay Məmmədova – soprano, Konsertmeyster: Firuzə Nəcəfli-Qədimalıyeva), 3 hissəli Sonata (İfaçı – Firuzə Nəcəfli-Qədimalıyeva), Vəfa Bağırzadənin “Mərhəba” romans (söz: İmadəddin Nəsimi. İfaçı – Emin İsmayılov – tenor, Konsertmeyster: Firuzə Nəcəfli-Qədimalıyeva), “Bir ümid işığı” violin və piano üçün pyes (İfaçılar – Beynəlxalq müsabiqə laureatı Zərrin Əliyeva – violin, Aynur Xəlilova – piano), Fərid Fətullayevin “Ay üzlü nigarım” romans (söz: Nizami Gəncəvi. İfaçı – Cəlal İsayev – tenor, Konsertmeyster: Ağarəhim Salah), Tural Məmmədlinin “Ay işığında” piano üçün pyes (İfaçı – müəllif), Elvin Quliyevin Skertso-vals tar, kamança və piano üçün ( İfaçılar – Cavidan Quliyev – tar, Əli Muradov – kamança, Arzu Məhərrəmova – piano) kamera-instrumental əsərləri daxil idi.
Gənc bəstəkarların musiqisini tamaşaçılar da rəğbətlə qarşıladılar.
3 gün davam edəcək Plenumun növbəti günlərində “Gənc bəstəkarların yaradıcılığı” mövzusunda gənc musiqişünasların çıxışlarından ibarət elmi konfrans (Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonu) və gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert (M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) olacaq.
Mayın 20-də isə Plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında dəyirmi masada müzakirələr keçiriləcək.
AZƏRBAYCAN BƏSTƏKARLAR İTTİFAQININ MƏTBUAT XİDMƏTİ🎹