Allahverən Pərvizoğlu Şəhid Mais Abbasovun xatirəsinə ithaf olunmuş mahnını ifa edib.
Respublika mahnı müsabiqələrinin qalibi, gənc müğənni Allahverən Pərvizoğlu Şəhid Baş Leytenant Mais Abbasovun xatirəsinə ithaf olunmuş mahnını ifa edib.
Zefernews.az xəbər verir ki,
Bununla bağlı Allahverən Pərvizoğlu facebook səhifəsində paylaşım edib:
“2 il öncə Şəhid baş leytenant Mais Abbasovun ailəsini ilk dəfə ziyarət etdik. Anası Zahirə xanım mənimlə danışanda göz yaşları içərisində bildirdi: “Övladım şəhid olan vaxtı gözümə yuxu getmədi, o yuxusuz gecələrdə Mais balam gözümün önündə idi və balama həsr etdiyim şeiri göz yaşları içində qələmə aldım”.
Həqiqətən də şeiri oxuyanda kövrəlməmək qeyri-mümkün idi. Bir gün xətri mənim üçün əziz olan, ömrünün 45 ilini musiqi sahəsinə həsr edən Mehriban xanım Aydınqızından həmin şeirə musiqi bəstələməsini xahiş etdim, o da qısa müddət ərzində şeirə musiqi bəstələdi. Mənim üçün Şəhidimizə həsr edilmiş mahnını ifa etmək çətin və bir o qədər də məsuliyyətli idi, çünki Şəhid anasının övladı üçün qələmə aldığı şeirə bəstələnmiş mahnını oxuyurdum. Mahnının aranjimanı Fikrət Vasifoğluna məxsusdur. Mahnını göz yaşları içərisində ifa etsəm də vətənimizin mərd, qəhrəman oğlu üçün ifa etdiyimə görə qürur duyurdum. “Sən ağlama, əziz anam!” mahnısının və klipin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürümü bildirirəm, var olasınız. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!” deyə A. Pərvizoğlu qeyd edib.