Yasamal rayonunda Mikayıl Müşfiqin xatirəsi anıldı

Azərbaycan ədəbiyyatının unudulmaz siması Mikayıl Müşfiqin vəfatından 86 il ötür.
Yasamal Rayon İcra Hakimiyyəti və “Cabir Novruz” Mədəniyyət fondunun birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, müdhiş 30-cu illər repressiyasının qurbanı, öz fitri istedadı ilə milyonlarla oxucu rəğbətini qazanmış Mikayıl Müşfiqin xatirəsi anıldı. Poeziyasevərlər ənənəyə sadiq qalaraq onun Yasamal rayonundakı abidəsi önünə toplaşıb gül dəstələri qoydular.
Zefernews.az xəbər verir ki,
Yasamal rayonu ərazisində Mikayıl Müşfiqin abidəsinin yerləşdiyi parkda Yasamal rayon ictimaiyyəti, tanınmış ziyalılar və gənclər iştirak edirdi. Hər il Müşfiqsevərlər dahi şairi anmaq üçün buraya toplaşırlar.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə Müşfiq yaradıcılığına ölkə başçısı tərəfindən verilən yüksək qiymətdən, diqqət və qayğıdan danışaraq poeziya ustasının yaradıcılığından söz açdı.
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova və digər çıxış edənlər şairin həyat və yaradıcılığından, ədəbiyyat tariximizə verdiyi töhfələrdən, şairin yaradıcılığının gənc nəslin milli- mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğundan söhbət açdılar. Qeyd olundu ki, adını Azərbaycan poeziyası tarixinə qızıl hərflərlə yazdırmağı bacaran Müşfiqin şeirləri dillər əzbəridir.
Tədbir tanınmış incəsənət ustalarının ifası ilə başa çataraq Xızı rayonunda şairin adını daşıyan muzeydə davam etdirildi.



