Lənkəranda Şair Qulaməli Hüseynovun kitablarının təqdimat mərasimi keçirilib
AYB Lənkəran Bölməsi, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin Lənkəran filialı və Lənkəran şəhər Rasim Məmmədov adına 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 12 yanvar 2024-cü il tarixdə məktəbin akt zalında şair Qulaməli Hüseynovun yaradıcılıq gecəsi və “Azərbaycan əsgəri”, “Sorağın sənin”, “Torpaq Vətən olur” kitablarının təqdimat mərasimi keçirilib.
Zefernews.az xəbər verir ki,
Rayonun tanınmış ziyalılarının, şəhid ailələrinin, məktəbin müəllim və şagird kollektivinin iştirak etdiyi tədbiri məktəbin tərbiyə və təşkilati işlər üzrə direktor müavini Cəfər Fətullayev açıb iştirak edənləri salamladı.
Daha sonra müasir Azərbaycanın qurucusu, əbədiyaşar Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Dövlət Himni səsləndirildi.
Şairin həyatını əks etdirən videorolikin nümayişindən sonra söz təbir iştirakçılarına verildi. Məktəbin direktoru Mais Kazımov, AYB Lənkəran Bölməsinin sədri, yazıçı Qafar Cəfərli, Respublika Əfqanıstan Veteranları İctimai birliyinin Lənkəran filialının sədri Fəxrəddin Hüseyn, məktəbin məzunu olmuş Bakı Yuğ Teatrının direktoru, Əməkdar İncəsənət xadimi İslam Həsənov, rayonun tanınmış ziyalısı, şair Şəmsəddin Canıyev, Sütəmurdov kənd R.Dadaşov adına tam orta məktəbin müəllimi Gülşən Hüseynova, şairlərdən Əyyub Türkay və Əfsanəultan Xəlilbəyli, aktrisa İlahə Canıyeva, Təhminə xanım, şəhid atası Elçin Allahverdiyev və başqaları çıxış edərək şairin çoxşaxəli yaradıcığından danışdılar, şeirlərinin əsas mövzusunun Vətən və Torpaq sevgisinə, canını Vətən uğrunda qurban verən şəhidlərin müqəddəs xatirəsinə həsr olunduğunu bildirib, onu əsl vətənpərvər şair kimi təqdim etdilər. Şeirlərindən oxuyub, yeni yaradıcılıq uğurları arzuladılar.
Lənkəran şəhər 5 nömrəli, Sütamurdov kənd, Şilavar kənd və Digah kənd tam orta məktəbin şagirdləri rəqs nömrələri ilə çıxış edib, şairin şəhidlərin xatirəsinə həsr etdiyi və vətənpərvərlik mövzusunda qələmə aldığı şeirlərini səsləndirdilər.
Gənc müğənni Allahverən Pərvizoğlu və Lənkəran şəhər 5 nömrəli məktəbin şagirdi Zenfira Rüstəmzadənin oxuduğu mahnılar tədbirə xüsusi gözəllik verdi.
Sonda söz şair Qulaməli Hüseynova verildi. Şair tədbirin təşkilatçılarına, çıxış edənlərə və bütün iştirakçılara minnətdarlığını bildirdi və bundan sonra daha böyük məsuliyyətlə çalışacağına söz verdi, kitablarından tədbirdə iştirak edən məktəblərin kitabxanalarına hədiyyə etdi.
Sonda xatirə şəkilləri çəkildi.