Sülh təşəbbüslərinə bu il Ermənistan sadiq qalacaqmı?
2023-cü il başa çatsa da dünyada və regionumuzda gərginlik davam etməkdədir. Heç şübhəsiz ki, bizi bu il Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması, bölgədə davamlı sabitliyin təmin edilməsi daha çox düşündürür. Çünki regionun inkişafı, bölgədə iqtisadi əməkdaşlığın dərinləşməsi üçün ilkin olaraq sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Situativ proseslər üzərində öz siyasətini müəyyən edən Ermənistanın baş naziri Nikol Paşınyana belə məqamda etibar etmək çətindir.
Lakin reallıq ondan ibarətdir ki, Paşınyanın manevr siyasəti, Fransanın Ermənistanın birmənalı şəkildə silahlandırmaq cəhdi, Rusiyanın çox konfiqurasiyalı məkrli gedişləri bölgədə möhkəm sülhün bərqərar olmasına xidmət etmir. Ermənistanın baş nazirinin son dövrlər çıxışlarına diqqət edəndə aydın görünür ki, bu ölkənin gələcək mövcudluğu, inkişafı qonşu dövlətlərlə, xüsusilə, Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan asılıdır. Əgər gerçəkdən Ermənistan bu il Azərbaycanın sülh təşəbbüslərinə sadiq qalıb sülh müqaviləsini imzalayacaqsa nəzərdə tutulan əməkdaşlıqdan faydalanacaqlar.
Lakin N. Paşinyan belə siyasətini davam etdirib, gah Qərbin, gah başqa bir qüvvənin ətəyindən yapışıb manevr edəcəksə sülh olmayacaq. Bundan itirən daha çox Ermənistan olacaq. Təbii ki, bu gün Ermənistandakı revanşist qüvvələrdən, Qarabağdan köçmüş ermənilərdən, ümumilikdə “Böyük Ermənistan” xəstəliyinə tutulmuş və müalicə oluna bilməyən şəxslərdən istifadə edən çox məkrli qüvvələr, dövlətlər var. Həmin dairələr heç vəclə sülh planını qəbul etmək istəməyəcəklər.
Lakin reallıq onu göstərir ki, biz millət olaraq, dövlət olaraq sülh müqaviləsinin imzalanıb imzalanmamasından asılı olmayaraq, inkişaf hədəflərimizi dəqiq müəyyən etməliyik. Strateji hədəflərə çatmaq üçün bütün mümkün variantlardan istifadə olunmalıdır.
Əkrəm Bəydəmirli