Weather Data Source: havadurumuuzun.com

Ölkəmizdə ilk dəfə “Flaminqo festivalı”Lənkəranda keçirilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Qızılağac Milli Parkında “Flaminqo” festivalı keçirilib.

Zefernews.az xəbər verir ki,

Ölkəmizdə ilk dəfə keçirilən sözügedən festivalda ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, Masallı RİH başçısı Araz Əhmədov və Neftçala RİH başçısı Mirhəsən Seyidov iştirak ediblər.

Qeyd edək ki, festivala dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər də qatılıblar.

Lənkəran ŞİH başçısı Taleh Qaraşov Qızılağac Dövlət Təbiət Qoruğunun bazasında milli park yaradılmasının 5-ci ilinin tamam olması ilə bağlı keçirilən festivalı təbiət bayramı kimi xarakterizə edib. Onun sözlərinə görə, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev respublikamızda ekoloji problemlərin davamlı inkişaf prinsipləri əsasında həll edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib: “Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, təbii resurslardan səmərəli istifadə edilməsi və ekoturizmin inkişafına diqqət göstərilməsi də Ümummilli Lider Heydər Əliyevin ekoloji siyasətindən irəli gəlir”. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən, ekologiya sahəsində verdiyi tövsiyələr bu gün Ümummilli Liderin laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Taleh Qaraşov təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməsi baxımından belə festivalın keçirilməsinin əhəmiyyəti barədə danışıb.
İcra başçısı festivalın keçirilməsi ilə ekoloji biliklərin təbliğinə, gələcək nəsillərin maarifləndirilməsinə və eyni zamanda, ekoturizmin inkişafı üçün yeni imkanların yaranmasına yeni töhfələrin veriləcəyinə olan inamını ifadə edib.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov festivalın keçirilmə məqsədləri barədə tədbir iştirakçılarına məlumat verib. Nazir müavini bildirib ki, festivalın əsas məqsədi nadir heyvanların mühafizəsinə cəmiyyətin diqqətinin artırılması, flora və fauna növlərinin qorunmasına yönəlib. “Hazırda Azərbaycan ərazilərinin 10 faizdən çoxu xüsusi mühafizə olunur” deyən Vüqar Kərimov ölkəmizdə 10 milli park, 10 təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığının olduğunu vurğulayıb. Onun sözlərinə görə, nadir canlıya həsr olunan ilk festivaldır ki, ölkəmizdə keçirilir: ”Azərbaycanda 1989, 2003, 2023-cü illərdə nəşr olunan hər üç “Qırmızı kitab”a adı salınan nadir quşlardan biri də flaminqodur”.
Sonra tədbir iştirakçıları festival çərçivəsində nümayiş olunan Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlərlə, məlumat lövhələrilə, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri ilə, suvenirlərlə, folklor nümayəndələrinin nümayişləri ilə, həmçinin Qızılağac Milli Parkına aid simvollarla tanış olublar, ekoviktorinaya baxış keçiriblər.
Festival çərçivəsində tədbir iştirakçıları Qızılağac Milli Parkının körfəz ərazisinə balıq körpəsi və milli parkın faunasına xas olan turac quşları təbiətə buraxılıb.

Top