Gürcüstan polisində 21 yaşlı azərbaycanlı xanım polis müfəttişi vəzifəsində çalışır

Azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli (Borçalı) bölgəsində fəaliyyət göstərən Patrul Xidməti İdarəsində yeganə azərbaycanlı xanım olaraq Rustavi şəhərindən olan Səbinə Yusifova işləyir.
O, xidməti vəzifəsinin öhdəsindən bacarıqla gəlir. Hazırda onun 21 yaşı var. Rustavi şəhərində doğulan S. Yusifova orta məktəbi Rustavidəki 18 nömrəli məktəbin Azərbaycandilli sektorunda başa vurub. O, 2020-ci ildə birbaşa Tibb Universitetinə qəbul olub və hazırda 4-cü kursda oxuyur. Gürcü dilini mükəmməl bilən 21 yaşlı azərbaycanlı tələbə həmçinin, 2021-ci ildə Texniki Universitetin hüquq fakültəsinə qəbul olub və hər iki ali məktəbdə təhsilini paralel olaraq davam etdirir.
Məlumata görə, Səbinə Yusifova hər iki istiqamətdə təhsilini uğurla davamlı şəkildə həyata keçirir. O, eyni zamanda polis xidməti sahəsində daha savadlı olmaq və xidmətində fəaliyyətini gücləndirmək üçün bu il Polis Akademiyasına qəbul olub. Bütün çətinliklərə baxmayaraq polis müfəttişi kimi Səbinə Yusifova Patrul Xidməti İdarəsində çalışan gürcü həmkarlarından geri qalmır və ona verilən tapşırıqları durmadan bacarıqlı polis əməkdaşı kimi yerinə yetirir.
Nizami Məmmədzadə, Əməkdar jurnalist


