Weather Data Source: havadurumuuzun.com

Görmədiyim Şuşaya…

Şuşanı görməmişəm. Adı dillər əzbəri olan İsa bulağının suyundan da içməmişəm. Sadəcə olaraq indiyədək xəyallarımla yaşayaraq, sanki hər düzü, hər qayanı görmüşəm. Cıdır düzündə xəyal atımı minib çapmışam. Şuşa qalasının divarlarını əllərimlə sığallamışam. Şuşa xanı Pənahəli xanın narazı baxışlarının üzərimə tuşlandığını hiss etmişəm. Nəhayət, xəyalım gerçəkləşib… O günü gözləyirəm ki, köhlən ata minib, yalmanına yata-yata Cıdır düzündən keçib Vaqif babama ürəyimin qanı ilə yazdığım şeirimi təqdim edim… Kaş yollar açıq ola… Çapam köhlənimi Şuşaya sarı…

 

Ah, arzum çin olub, sevinirəm mən,

Qələbə soraqlı xəbərlər gəlir.

Gecələr yatmasam heç ziyanı yox,

Günəşi gülümsər səhərlər gəlir!

 

Bayrağım ucalıb göylərə sarı,

Yaşılım, həm alım bilinir daha!

Ürəkdə dualar Haqqı səsləyir,

Kədərim, qəmim də silinir daha!

 

Ürəyim təmizdir – kağız kimi ağ,

Oraya yenidən sevinc yazacam.

Yollarım Şuşaya uzanır, baxın!

Yamyaşıl ormanda yenə azacam!

 

İsa bulağını görməmişəm mən,

Suyundan bir ovuc içib gələcəm!

Şuşa qalasının daşı sökülüb –

Daşı-daş üstünə qoya biləcəm!

 

Nizami Məmmədzadə, Azərbaycanın Əməkdar Jurnalisti

Top