Weather Data Source: havadurumuuzun.com

“ULU ÖNDƏRİN İŞIĞINDA” ADLI KiİTABIMA SÖZARDI

İndi 2023-cü ilin, demək olar ki, son aylarını yaşayırıq. Bizi təzə ildən sadəcə 4 aydan da az bir vaxt ayırır. Bu il hər insan üçün müxtəlif, bəziləri üçün maraqlı, bəziləri üçün gözlənilməz, bəziləri üçün isə sürprizlərlə dolu bir il oldu. Lakin əminliklə deyə bilərəm ki, bu il hamı üçün, ələlxüsus da 50 milyonluq Azərbaycan xalqı üçün ən xüsusi, ən önəmli və ən gözəl illərdən biri oldu. Ona görə ki, bu il Azərbaycanda Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev” ili qeyd edilir. Bu il Ulu Öndərimizin anadan olmasının 100 illiyi olduğu üçün böyük tarixi əhəmiyyət daşıyır və mən inanıram ki, bundan sonrakı yüzilliklər ərzində bu ilin tarixi önəmi daha da qabarıqlaşacaq, daha da artacaq.
Mən də 15 yaşı bu il taman olan 10-cu sinif şagirdi kimi özümdə cəsarət taparaq Ulu Öndərimizin 100 illik yubileyinə onun dühasının ümmanında bir zərrə belə olmayacaq qədər kiçik bir yazını qələmə alaraq Öndərimizin yubileyinə hədiyyə etdim. Sayca 7-ci kitabım olacaq bu kitabımı – “Ulu Öndərin işığında” nı Ulu Öndərimizin işıqlı xatirəsinə və 100 illik yubileyinə həsr etmişəm.
Ümumiyyətlə, yazı yazmağa başladığım və kitablarımı çap etdirdiyim zamanlardan başlayaraq bu günə qədər həmişə Ulu Öndərimiz haqqında kitab yazıb çap etdirmək mənim üçün böyük arzulardan, amallardan biri olub. Elə buna görə də zaman-zaman Ulu Öndərimiz haqqında bir çox şeir və məqalələr qələmə almışam. Bu şeir və məqalələri bu kitabdan oxuya və onlarla daha yaxından tanış ola bilərsiniz. Hətta “Ulu Öndərimiz” adlı şeirimə mahnı da bəstələnmişdir. Gələcəkdə Ulu Öndərimizin xatirəsinə həsr edəcəyim kitabımda yer alması üçün bu şeir və məqalələri toplayır, onları xüsusilə qoruyur və saxlayırdım. Bunlarla işimi yekunlaşdırmır, Heydər Əliyev dühası irsinin daha da dərindən öyrənilməsi yolunda yorulmadan çalışır və özümü Ulu Öndərimizin adına və ucalığına layiq əməllərə daim həsr edirdim. Bunun sübutu kitabda oxuyacağınız şeir və məqalələrin “Hərdən uçmaq istəyirəm”, “Ulu Naxçıvanım” və digər şeir və publisistik səciyyəli kitablarımda çap edilməsidir. Mən hər bir kitabımın Ulu Öndərimizdən, onun irsindən bir hissə daşımasına çalışmışam və buna az da olsa, nail olmuşamsa, özümü xoşbəxtlərin xoşbəxti hiss edirəm.
2023-cü il Azərbaycanımızın və xalqımızın üzünə bir Günəş kimi doğduğu zaman mən öz beynimdə həyəcan təbillərinin çalındığını hiss edirdim. Sanki 2023-cü ilin başladığı o günlərdə özümü zamanla, axıb-gedən həftələrlə, günlərlə, saatlarla, dəqiqələrlə yarışan görürdüm. O vaxtdan Ulu Öndərimizin 100 illiyi münasibətilə daha səmərəli və daha çox işlər görməyi qərarlaşdırdım və artıq zamanla yarışa başladım. Kitabın yazılma prosesi belə başladı.
Dərslərimin və ictimai tədbirlərdə iştirakımın yorğunluğu nəticəsində mən ən çox vaxtı yay aylarında tapa bilmişdim. Ona görə də yay günlərində işimi daha da sürətləndirdim və Ulu Öndərimizin irsinin axtarışına çıxdım. Gənc araşdırmaçı kimi Ulu Öndərimiz və onun gördüyü işlər haqqında, bir sıra insanlara məlum olan təşəbbüsləri haqqında, ailəsi və sevimli ömür-gün yoldaşı Zərifə xanım haqqında araşdırmalar aparmağa başladım. Bu zaman özümə məlum olmayan bir sıra detalları gün üzünə çıxartdım. Ulu Öndərimizin gəncliyindən başlamış hətta sovetlər birliyi dövründə türk xalqlarına olan yüksək diqqəti, xüsusilə də altaylıların dərdini bir qardaş kimi dinləməsi və onlara işlərində kömək etməsi, hətta onlara türk olduqlarını, qardaş olduqlarını xatırlatması və bir sıra bunun kimi təşəbbüslər araşdırmalarım əsasında yenidən oxucuların nəzərinə çatdırdım. Hesab edirəm ki, bu məqalələrin işığında Ulu Öndərimizin türk birliyinə olan sədaqəti və bu yöndə olan təşəbbüsləri bundan sonra da araşdırılacaq və neçə-neçə yeni məqalələr yazılacaqdır.
Ulu Öndərimizin qardaş Türkiyə ilə olan əlaqələri xüsusilə diqqətə və təqdirə layiqdir. Uzaqgörən liderimizin böyük türk siyasətçiləri Rəcəb Tayyib Ərdoğan və Dövlət Baxçalıyla olan görüşləri dünənimizdən bu günümüzə işıq tutur, qəlblərdən-qəlblərə çəkilən Ümid körpüsünü nura boyayır.
Oxucularıma əminliklə deyə bilərəm ki, araşdırmalarımda toxunduğum mövzular və hadisələr tamamilə realdır, Ulu Öndərimizin zaman-zaman çıxışlarında dilə gətirdiyi kəlamlardır və istinadları da tam yerindədir.
Kitabımın Ulu Öndərimizin 100 illik yubileyi və Qarabağda keçirilən lokal antiterror əməliyyatı zamanı Qarabağımızın erməni terrorçularından tamamilə azad olunması, onların təslim olması fonunda da oxucular tərəfindən dəyərləndiriləcəyinə, sevilərək oxunacağına ümid edirəm və bundan əminəm.
Kitabım Ulu Öndərimizin müqəddəs ruhuna, böyük irsinə və göylər qədər əbədi olan ucalığına ərməğan olsun!
Ruhun şad olsun, Ulu Öndərimiz! 50 milyonluq böyük Azərbaycan xalqının və bir ucu Qərbə, bir ucu Şərqə uzanan böyük türk millətinin qəlbində dünya durduqca yaşayacaqsan!

SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü.

Top