Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyevin səhnə fəaliyyətinin 50 illik yubileyi keçirilib
Oktyabrın 20-si Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyorlarından olan Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Qabil Quliyevin yaradıcılıq fəaliyyətinin 50 illik yubileyinə həsr olunmuş “Yarım əsrlik sənət yolum” adlı tədbir keçirilib.
Zefernews.az xəbər verir ki,
Tədbiri giriş sözüylə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova açaraq sənətkarı yaradıcılığının 50 illik yubileyi münasibətilə təbrik edib.
Ardınca Xalq artistləri Hacı İsmayılov, Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar incəsənət xadimi, teatrşünas, professor Aydın Talıbzadə, aktyorun tələbə yoldaşı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova, Lənkəran Dövlət Dram Teatrının direktoru İntiqam Hacılı, teatrın baş rejissoru Anar Babalı və ailə üzvləri təbriklərə qoşularaq ürək sözlərini paylaşıblar.
Tədbir çərçivəsində Teatr Muzeyinin fondunda qorunan, aktyorun həyat və yaradıcılığını əks etdirən eksponatlardan hazırlanmış videoçarx, həmçinin, oynadığı tamaşa və filmlərdən kadrlar nümayiş olunub.
Eyni zamanda, Opera və Balet Teatrının solisti, xanəndə Mütəllim Dəmirov və Azərbaycan Milli Konservatoriyası nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin və İncəsənət Gimnaziyasının tələbələri sənətkarın şərəfinə konsert proqramı ilə çıxış edib.
Tədbirdə incəsənət xadimləri, aktyorun ailə və sənət dostları, muzey əməkdaşları və media nümayəndələri iştirak edib.