Weather Data Source: havadurumuuzun.com

Milli Məclisin növbəti plenar iclası keçirilib

Oktyabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

Zefernews.az xəbər verir ki,

İclasda, əvvəlcə, cari məsələlərlə bağlı müzakirələr aparılıb.

Müzakirələrdə komitə sədri Zahid Oruc, deputatlardan Razi Nurullayev, Emin Hacıyev, Bəhruz Məhərrəmov, Elman Nəsirov, Musa Qasımlı, Azər Badamov, Naqif Həmzəyev, Vüqar Bayramov, Azay Quliyev çıxış ediblər.

Millət vəkilləri bildiriblər ki, bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrünü yaşayır. Deputatlar Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edildiyini vurğulayıblar.

Çıxışlarda Azərbaycanın qələbəsini qəbul etməyən bəzi siyasi dairələrin olduğu, AŞPA-da, Avropa Parlamentində, habelə, Niderland, İspaniya, Avstriya kimi ölkələrin parlamentlərində qərəzli qətnamə və tövsiyə sənədlərinin qəbul edildiyi təəssüf hissi ilə qeyd olunub. Bu dairələrin Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı həqiqətə uyğun olmayan, ədalətsiz mövqe nümayiş etdirdiyi bildirilib. Söylənilib ki, ölkəmiz tərəfindən lokal xarakterli antiterror tədbirləri, erməni əsilli mülki sakinlərin reinteqrasiyası ilə bağlı atılan addımların təhrif olunması qəbuledilməzdir.

Deputatlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolundan, ölkəmizin həyata keçirdiyi beynəlxalq infrastruktur layihələrin əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, ölkəmizə qarşı bəzi dairələrin nümayiş etdirdiyi qərəzli, ədalətsiz mövqeyə baxmayaraq, Azərbaycan regionda davamlı sülhün təmin olunması istiqamətində səylərini uğurla davam etdirir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması buna bariz misaldır. Qeyd olunub ki, bu gün işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, “Böyük qayıdış” proqramı uğurla həyata keçirilir.

Top