Bu gün SSRİ-nin Xalq artisti Şövkət Ələkbərovanın Doğum Günüdür
1937-ci ildə bədii özfəaliyyət kollektivlərinin müsabiqəsində iştirak etmiş və öz çıxışı ilə Üzeyir Hacıbəyov, Səid Rüstəmov, Bülbül kimi sənətkarların diqqətini cəlb etmişdir. Opera Teatrında keçirilən yekun konsertdə Şövkət Ələkbərova “Qarabağ şikəstəsi”ni oxumuş və Fatma Mehrəliyeva və Gülağa Məmmədovla birlikdə ilk üçlüyə daxil olmuşdur. Bu müsabiqə Şövkət Ələkbərovanın peşəkar musiqi sənətinə gəlişinin əsasını qoydu. 1945-ci ildən Filarmoniyanın solisti kimi işə başlayan Şövkət Ələkbərovanın ifasında səslənən xalq mahnıları, muğamlar, bəstəkar mahnıları Azərbaycanda çox böyük məşhurluq qazanır. “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı?” filmlərinə Tofiq Quliyevin yazdığı mahnılar Şövkət xanımın ifasında xalqımızın dilinin əzbəri olmuşdur. Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” filmində Sənəm rolunun musiqi partiyalarını məhz Şövkət Ələkbərova ifa etmişdir. Müğənninin bəstəkar Cahangir Cahangirovun “Füzuli” kantatasının II hissəsində oxuduğu “Məni candan usandırdı” romans xarakterli musiqi parçası xalqın ürəyinə yol tapmışdır. Emin Sabitoğlunun “Şirin dil” mahnısı Şövkət Ələkbərovanın repertuarında xüsusi yer tuturdu. Mahnının sözləri Kərkük bayatıları-ndan götürülüb. SSRİ-nin bir çox şəhərlərində, Fransa, İsveçrə, Şri-Lanka, Əfqanıstan, Hindistan, Misir, Əlcəzair, İran, Türkiyə, Polşa və digər xarici ölkələrdə uğurla çıxış edən Şövkət Ələkbərovanın repertuarına Segah, Qatar, Şahnaz kimi muğamlar, Azərbaycan bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi.
Təltif və mükafatları:
“Azərbaycan SSR xalq artisti” fəxri adına layiq görülüb — 10 iyun 1959cı il
“Azərbaycan SSR əməkdar artisti” fəxri adına layiq görülüb — 25 sentyabr 1954ci il
Xalqın sevilən sənətkarı Şövkət Ələkbərova 7 fevral 1993cü il dünyasın dəyişib.