Lənkəranda YAP Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib

“Heydər Əliyev İli” çərçivəsində oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə görüşü keçirilib.
Zefernews.az xəbər verir ki,
Tədbirdə YAP Veteranlar şurasının üzvüləri N.İsmayılov və Z.Quliyeva YAP-ın Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayon təşkilatının üzvü olan fəal gənclər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad olunub.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini deyən İ.Əmənullayev dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacib olduğunu söyləyib. YAP-ın yeni qəbul olunmuş proqramının 6 əsas prinsiplərindən birinin də varislik və təkamül prinsipi olduğunu vurğulayıb. Bu günku tədbirində gənclərin veteranlar şurasının üzüvlər ilə görüşünün təşkili də bununla əlaqədar olduğunu bildirib.
YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov çıxış edərək Ümummilli Lider Heydər Əliyevin mənalı ömür yolundan, həyat və fəaliyyətinin mühüm məqamlarından danışıb. Ulu Öndərlə bağlı xatirələrini bölüşən YAP Veteranlar Şurasının üzvü bildirib ki, Heydər Əliyev tarix yazan və yaradan bir şəxsiyyətdir: “Ulu Öndər bütün varlığı ilə xalqını, Vətənini sevirdi, doğma Azərbaycanın yüksəlməsi üçün var qüvvəsi ilə çalışırdı. Deyə bilərəm ki, Heydər Əliyevin həyat və fəaliyyəti bir tarixdir”. Lənkəran rayonunun inkişafı ümumilli lider Heydər Əliyevin hər zaman xüsusi diqqət mərkəzində olmuşdur. O, 5 dəfə (1973, 1974, 1979, 1982 və 1998-ci illərdə) Lənkərana gələrək, rayonun həyatı ilə yaxından maraqlanmış, əhalini düşündürən problemləri yerindəcə öyrənib müvafiq tədbirlər görmüşdür. Hər gəlişində zavod, fabrik və digər müəssisələrdə görüşlər keçirən, tarlalarda zəhmət adamları ilə birbaşa ünsiyyətdə olan öndərin səfərləri Lənkəranın sosial-iqtisadi və mədəni həyatında əlamətdar hadisiyə çevrilməklə ümumi irəliləyişə güclü təsir edirdi. Məhz bu amil sayəsində 1969-cu ildən 1982-ci ilə qədər Lənkəranda sənaye və kənd təsərrüfatı istehsalı sahəsində yüksək nailiyyətlər əldə edilir. 1970-80-ci illər arasında neçə-neçə fabrik və zavod açılır, xidmət sahəsi inkişaf edir. Əhalinin yaşayış səviyyəsi bu göstəricilərə uyğun olaraq kifayət qədər yaxşılaşır. Lənkəran böyüyür, çiçəklənir və əsl şəhərə çevrilir.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva isə vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə təşviq edilməsidir. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Onun sözlərinə görə, Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib, həmin dövrlərdə bütün sahələr inkişaf edib.
Daha sonra gənclərin sualları cavablandırılıb.



