Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı katibliyinin XXI sessiyasında iştirak etmək məqsədilə səfərdə olduğu Qazaxıstanda bu ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.
Zefernews.az xəbər verir ki, QMİ-dən AZƏRTAC-a bildirilib ki, xanım A.Balayeva şeyxülislamı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edib və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin salamlarını ona çatdırıb. Şeyxülislam, öz növbəsində, xanım nazirə səmimi təbriklərinə görə minnətdarlığını bildirib və onun fəaliyyətinə verilən belə yüksək qiymətə görə Qazaxıstanın dövlət başçısına minnətdarlığını çatdırmağı xahiş edib.
Nazir A.Balayeva bildirib ki, Qazaxıstan Prezidentinin Azərbaycana dövlət səfərinin yekunlarına görə, Azərbaycanda Qazaxıstanın mədəniyyət günlərinin keçirilməsi qərara alınıb. Bu tədbir çərçivəsində nazir A.Balayeva cari ilin dekabrında Azərbaycana səfər etməyi planlaşdırır.
Öz növbəsində, şeyxülislam A.Paşazadə xanım A.Balayevaya COVID-19 pandemiyası səbəbindən dayandırılmış Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının Bakıda keçirilməsini bərpa etmək barədə Azərbaycan Respublikası Prezidentinin qərarı və VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2024-cü ilin mayında Azərbaycan paytaxtında keçiriləcəyi barədə məlumat verib.
Söhbət zamanı tərəflər, həmçinin Dünya və Ənənəvi Dinlər Liderləri Qurultayı katibliyinin iclasının yekunları və mədəni-mənəvi sahələrdə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.


