Lənkəranda Qadınların VI qurultayı ilə bağlı tədbir keçirilib
Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və Azərbaycan Qadınlar Qurultayının 25 illiyinə həsr olunmuş “Azərbaycan Qadınlarının VI Qurultayı” mövzusunda tədbir keçirilib.
Zefernews.az xəbər verir ki,
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbir Ulu Öndərin və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Lənkəran ŞİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva bildirib ki, Ümumilli Lider Heydər Əliyev ölkəmizdə dövlət-qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin təşəbbüskarı olub, gender bərabərliyinə hər zaman xüsusi önəm verib. Onun sözlərinə görə, Ulu Öndər qadınların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim dəstəkləyib. Bildirilib ki, respublikamızda 1998-ci ildə ilk qadın qurultayının keçirilməsi də məhz Ümummilli Liderin adı ilə bağlıdır. İcra başçısının müavini qeyd edib ki, Ulu Öndər tərəfindən əsası qoyulan qadın siyasəti bu gün onun laiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Ölkəmizdə gender bərabərliyi bütün sahələrdə təmin olunub və bu istiqamətdə mütəmadi işlər aparılır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan qadınını ən mükəməl səviyyədə bütün tribunalarda təmsil edir”.
Sonra Lənkəran Dövlət Universitetinin (LDU) baş müəllimi Nahidə Cəfərova, Lənkəran şəhər 4 nömrəli məktəb-liseyin direktoru Səadət Kazımova, sahibkar Rəftarə Şükürova və LDU-nun tələbəsi Şərqiyyə Rəcəbova mövzu ilə bağlı geniş və əhatəli çıxış ediblər. Qeyd olunub ki, Ulu Öndər qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm prioritet vəzifələrindən biri hesab edib, qadınlarla bağlı məsələlərin vahid mərkəzdən idarə olunması üçün ayrıca dövlət qurumunu yaradıb, müəllifi olduğu Ali Qanunda qadınların kişilərlə bərabər hüquqlara sahib olduğu təsdiqini tapıb.