Weather Data Source: havadurumuuzun.com

Lənkəranda “Sağlam məhəllə” idman zonası istifadəyə verilib

Oktyabrın 3-də Lənkəran şəhəri, akademik Zərifə Əliyeva küçəsindəki yaşayış binalarının ərazisində “Sağlam məhəllə”adlı idman zonası istifadəyə verilib.

Zefernews.az xəbər verir ki,

Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, idman səfirləri Zaur Paşayev, Aliyə Paşayeva, tanınmış futbolçular Kamran Ağayev, Ruslan Abışov, habelə məhəllə sakinləri iştirak ediblər.

Gənclər və İdman naziri Fərid Qayıbov “Sağlam məhəllə” idman zonalarının yaradılması layihəsinin ölkə başçısının tapşırığına əsasən həyata keçirildiyini, insanların sağlamlığı və idmanın kütləviliyinə yönələn bir layihə olduğunu qeyd edib: “Binalarda çox sayda insanlar yaşayır, məhəllədə uşaqların sayı da çoxdur. Bu, ölkə başçısının tapşırığına əsasən həyata keçirilən layihədir. Çox sevinirik ki, keçmiş idmançılarımız, idman səfirlərimiz bizə dəstək üçün buradadırlar. Dəstəyə görə Lənkəran İcra Hakimiyyətinə də təşəkkür edirəm. Çalışırıq ki, belə layihələrin sayı çox olsun. Müxtəlif iş adamlarını dəvət edirəm, bu nümunəni götürüb məhəllələrdə sakinlər üçün belə layihələr həyata keçirsinlər. Bu 6-cı sağlam məhəllədir. Növbəti həftələrdə Ağstafa rayonunda da belə bir meydança yaradılacaq. Məhəllə sakinlərindən bunu qorumalarını xahiş edirik.”

Lənkəran ŞİH başçısı Taleh Qaraşov rayonumuzda gənclərin idmana olan maraqlarının artırılması və sağlam nəslin yetişdirilməsi istiqamətində bütün zəruri addımların atıldığını vurğulayıb. İcra başçısı cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin sağlam ruhda böyüməsinə xüsusi diqqətlə yanaşdıqlarını qeyd edib. Lənkəranlı gənclərin təkcə döyüş meydanında deyil, eyni zamanda idman arenalarında da bayrağımızı ucaltdıqlarını bildirib.

Qeyd edək ki, idman zonasında açıq mini futbol və basketbol meydançaları salınıb, habelə çoxsaylı fitnes avadanlıqları quraşdırılıb. Məhəllə sakinləri yaradılan şəraitə görə rayon rəhbərliyinə, Gənclər və İdman Nazirliyinə təşəkkür ediblər.

Yerli insanlar belə məhəllələrin salınmasının vacibliyini qeyd ediblər, bunun gənclərin sağlam ruhda inkişafına müsbət təsir göstərəcəyini və bütün bunlara görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Top