Weather Data Source: havadurumuuzun.com

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adını daşıyan küçənin açılışı olub

Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Şükürlü Elvin Azad oğlunun adını daşıyan küçənin açılışı olub.

Zefernews.az xəbər verir ki,

Küçənin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın məsul şəxsləri, idarə-təşkilat rəhbərləri və şəhidin ailə üzvləri iştirak ediblər.

Elvin Şükürlü 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. Orta təhsilini Cəlilabad rayon Şiləvəngə kəndində almışdır. 2011-2014-cü illərdə C.Naxçıvanskı adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə isə AAHM-də təhsil almış və 2018-ci ildə motoatıcı ixtisası üzrə AAHM-i leytenant rütbəsi ilə bitirmişdir. Elə həmin dövrdən 2020-ci il 28 sentyabra qədər Daşkəsəndə N saylı hərbi hissədə tağım komandiri kimi xidmət etmişdir. Elvin Şükürlü 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində iştirak edib. Murovdağ uğrunda gedən döyüşlərdə itkin düşmüşdür. 2021-ci il yanvar ayının 22-də II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” medalı, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Top