Taleh Qaraşov Avropa çempionu olan 13 yaşlı Nizami Əliyevi qəbul edib
Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov 2 erməni idmançını məğlub edərək Avropa çempionu olan Nizami Əliyevi məşqçi müəllimi Elnur Həmidovla birgə qəbul edib.
Zefernews.az xəbər verir ki,
Taleh Qaraşov Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, Azərbaycan Kikboksinq Federasiyasının idmançısı 13 yaşlı Nizami Əliyevi Avropa çempionu olması münasibətilə təbrik edib. İcra başçısı ölkəmizdə idman sahəsindəki uğurların ilbəil artığını vurğulayıb və bildirib ki, xalqımız təkcə döyüş meydanında deyil bütün sahələrdə, o cümlədən idman arenalarında da ermənilərə qalib gəlir. Taleh Qaraşov ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı nəticəsində idman sahəsində davamlı inkişafın təmin olunduğunu qeyd edib. İcra başçısı qalibiyyəti ilə ölkəmizin başını uca etdiyinə, Dövlət Bayrağını qaldırdığına, Dövlət Himnini səsləndirdiyinə, erməni idmançıları məğlub etdiyinə görə gənc idmançıya təşəkkür edib və Avropa çempionu olan lənkəranlı idmançını mükafatlandırıb.
Avropa çempionu və məşqçi müəllimi Elnur Həmidov qəbula görə təşəkkürlərini ifadə ediblər. Bildirilib ki, idmançılarımızın qələbə qazanması üçün ölkədə bütün lazımi şərait yaradılıb və buna görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.
Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinqin Wako versiyası üzrə Avropa çempionatında Nizami Əliyev 32 kq çəki dərəcəsində 1-ci rəqibinə (Papyan Serj) 3:0 hesabı ilə qalib gəlmiş və finalda 32 kq çəki dərəcəsində erməni rəqibi (Mark Mikayelyana) 3:0 hesabı ilə qalib gələrək Avropa çempionu adını qazanıb. Lənkəranlı gənc idmançı ötən ilin oktyabr ayında da İtaliyada keçirilən Wako Dünya çempionatının final döyüşündə kuveytli rəqibi Karam Mohammada qalib gələrək Dünya çempionu olub.