QƏHRƏMAN XALQIN QƏHRƏMAN OĞLU
QƏHRƏMAN XALQIN QƏHRƏMAN OĞLU
Azərbaycan xalqı və bu xalqın da tərkibinə daxil olduğu türk milləti qədim hunlardan başlamış bu vaxta qədər keçən minilliklər ərzində saysız-hesabsız igid, qəhrəman ərənlər, canını vətəninə fəda etmiş xilaskarlar, millət, vətən yolunda min bir əziyyətə qatlaşmış, ömrünü şam kimi əritmiş cəfakeşlər yetirmişdir. Türk milləti həmişə həm kədərli, həm də sevincli hadisələrlə dolu olan, lakin şərəfli bir tarix yazmışdır və hər dönəmində də bu tarixi daha çox şərəfləndirmişdir. Elə buna görədir ki, bu millətə, bu xalqa mənsub olan hər kəs öz türklüyü və azərbaycan türkü olduğuna görə fəxr edir, qürurlanır. Bu həm də bir xalqın yetişdirdiyi, zamanın əsas idealı, fenomeni olan qəhrəmanlar, dahilər və öz dövründən də irəlidə dayanan ziyalılar sayəsindədir.
Bizim göz bəbəyimiz kimi əziz olan yurdumuz, canımızdan da çox sevərək əzizlədiyimiz, qoruduğumuz Azərbaycanımızın bu mövzu ilə bağlı öyünməyə sona qədər haqqı var. Elə Azərbaycan türkü kimi bizim də haqqımız var. Yurdumuz zaman-zaman tarixin məngənələrində sıxılsa da, əzilsə də, hətta bəzən yox olma təhlükəsi ilə üz-üzə qalsa da sonda heç nə olmamış kimi alnıaçıq, üzüağ, başıdik dayanmış və bütün əzablara, əziyyətlərə, çətinliklərə mərdanə sinə gərərək hər çətinliyin öhdəsindən gəlmişdir. Təbii ki, bir xalqın bütün bunları etməsi, edə bilməsi üçün həmrəy olması, birlik içində olması, ağsaqqalının, ağbirçəyinin, öndərinin, rəhbərinin olması və onların düzgün istiqamətinin dəstəklənməsi, əməl edilməsi gərəkdir. Təəssüflər olsun ki, tariximizdə ayrı-ayrı zaman kəsiklərində, müəyyən vaxt ərzində şeytan dəyirmanına su tökənlərin, onların felinə uyub tələsinə düşənlərin sayəsində bu birlik bizdə çox az bir şəkildə təzahür etmişdir. Birlik içində olan bir xalqın başında da ona layiq, əsl xalqın oğlu deyilə biləcək bir lider, öndər, siyasətçi və uzaqgörən şəxsiyyət olmalıdır. Azərbaycan 30 il bundan əvvəl ən çətin dövründə, dağılıb məhv olma anında həm özündə bu birliyi, həm də bu birliyi quran və layiqli şəkildə idarə edən şəxsiyyəti tapdı. Bununla da özünü məhv olmaqla dünya xəritəsindən silinməkdən xilas etdi. O birlik və o lider olmasaydı, indi hər şey tamam başqa cür olacaqdı. Bəlkə də daxilində ağlayıb-güldüyümüz, qürur duyduğumuz, evlər tikib binalar qurduğumuz bir vətənimiz də olmayacaqdı. Bəlkə də onda biz də olmayacaqdıq. Böyük türk şairi Mehmet Akif Ərsoyun təbirincə desək, “tək dişi qalmış canavar”ların əhatəsində bölünərək, dağılaraq parçalanacaq və bir millət kimi yox olacaqdıq.
Ümumiyyətlə, bir tərəfi Avropaya, digər tərəfi isə dünyanın o başına uzanaraq gedən türk coğrafiyasında, təəssüflər olsun ki, çox az sayda türkdilli xalq öz kimliyini, dilini və adət-ənənələrini qoruyub saxlaya bilmişdir. Əsarətlər içində bitib-tükənən xalqlar öz kimliyini, tarixi şəxsiyyətlərini, dilini, irsini, ən başlıcası, azadlığını itirmişdir. Ancaq biz çox xoşbəxt xalqıq ki, Uca Allah haqqında söz açacağım o əvəzsiz şəxsiyyəti bizim xalqımıza göndərdi və həmin şəxsiyyətin təbirincə desək, onun sayəsində indi “biz azadıq, biz müstəqilik, biz heç kəsdən asılı deyilik və biz öz taleyimizin sahibiyik”. Bir millətin tarixdə oxuyacağı heç bir dastanı olmasa belə müstəqil olması, ola bilməsi və bunu qoruya bilməsi onun ən böyük dastanı, gələcəyə nişanəsi, keçmişə hörmətidir. Burada o əvəzsiz fenomenin bir sözü də yada düşür: “Əsas, müstəqilliyi qazanmaqdan çox onu qoruya bilməkdir”.
Bəli, haqqında söz açacağım o uzaqgörən, hər bir anı vaxtında çox dəqiqliklə qiymətləndirən öndər, rəhbər, lider, o dahi şəxsiyyət xalqın ona əmanət etdiyi ən gözəl nemət olan müstəqilliyi göz bəbəyi kimi qoruyub saxladı, canı, qanı, sağlamlığı, yuxusuz gecələri, narahat sabahları bahasına və xoşbəxt sabahlar naminə hifz edərək ən qiymətli hədiyyə kimi öz xalqına bağışladı. O, müstəqilliyimizi qorudu, dövlətimizi, dövlətçiliyimizi inkişaf etdirdi. Sağalmaz xəstəlik ona aman vermədikdə isə o, bu müstəqilliyi gələcək nəsillərə, birinci olaraq isə öz davamçısına və yadigarına əmanət etdi. Ona çoxsaylı kitablar yazılıb, barəsində filmlər çəkilib, şəninə musiqilər, mahnılar bəstələnib. Ancaq bütün bunları – bu çəkilən əziyyətləri o böyük insanın dəryalar boyda olan xatirəsi ilə bir tərəziyə qoysaq, onlar bu işıqlı xatirənin yanında bir zərrənin zərrəsi belə olmayacaq. Heç bir zaman da bundan artıq olmayacaq, ola bilməz də. Amma buna rəğmən mən də bu işıqlı, nurlu, gələcəyin əsas idealı olan böyük şəxsiyyətin haqqında yazı yazmaq cəsarətini, nəhayət, özümdə tapa bildim. Onun 100 illiyi kimi əlamətdar və bəşəri bir hadisə ərəfəsində bu məqaləmi və digər məqalələrimi onun işıqlı xatirəsinə həsr edirəm. Belə öndərləri Allah-təalanın millətinə 100 ildən bir bəxş etməsi deyimi öz həqiqiliyini təsdiq edir, möhürləyir. Bu insan Azərbaycan xalqının qəlbində ölməzlik, əbədiyaşarlıq qazanaraq orada məskən salmış, xalqımızın ümumilli lideri, xalqımızın xilaskarı, heç bir zaman əvəz olunmaz Ulu Öndəri Heydər Əlirza oğlu Əliyevdir!
Azərbaycan xalqının fəxri, qüruru, yenilməz öndəri və əvəzsiz lideri Heydər Əliyev 1923-cü ilin 10 may tarixində, Azərbaycanın ayrılmaz bir parçası, gözəl guşələrindən biri olan qədim və ulu Naxçıvan torpağında Əlirza adında zəhmətkeş bir dəmiryolçunun ailəsində dünyaya göz açmışdır. Bəzən su kimi ötüb keçən təqvimin günləri arasında elə günlər olur ki, bu bir insan üçün unudulmaz olur. Çünki o vaxt yaşanılan hadisə sadəcə onun həyatında silinməz iz buraxır. Elə günlər olur ki, bir ailə və onun gələcək nəsli bu günü qeyd edir, heç bir zaman unutmur. Ancaq elə günlər var ki, bir ölkə, bir xalq və bir millət üçün əvəzolunmaz dərəcədə əhəmiyyət təşkil edir. 10 may da tarix üçün həmin günlərdən biri, lakin xalqımız üçün bu gün ən birincisidir. Azərbaycan xalqı 10 may 1923-cü il tarixini heç bir zaman unutmayacaqdır. Ulu Öndərimiz necə unudulmazdırsa, onun dünyaya göz açdığı, Allahın onu bizə bəxş etdiyi o gözəl yaz günü də eyni dərəcədə unudulmazdır. Axı o gözəl yaz günü necə yaddaşlardan çıxsın?! Bahar həmin gün öz gözəlliyini tamam başqa cür göstərirdi, yerlər-göylər işığı yanan, tüstüsü qalxan bir kasıb evindən xoş xəbər gözləyir və səbirsizlikdən bir yerdə qərar tuta bilmirdi. Günəş hər tərəfə şəfəq saçırdı. Yaz aylarında dəyişkən hava şəraitinə malik olan Naxçıvan həmin ilin 10 may günündə tamam başqa, əsl bayram abu-havasında idi. Sanki aydın səma, ucsuz-bucaqsız torpaqlar, ağacların başında yaz nəğməsi söyləyən köçəri qaranquşlar, təzə-tər güllər, çiçəklər – bütün bunların hamısı həmin gün baş verəcək o möhtəşəm bir hadisədən xəbərdar idi. Həmin gün Azərbaycan xalqının yeni əsrinin yeni qəhrəmanı dünyaya göz açacaqdı! Həmin gün saysız-hesabsız yaxşı əməlləri ilə bir xalqın qəlbində ucsuz-bucaqsız taxt quran əvəzsiz bir lider, bir xilaskar, bir öndər dünyaya göz açacaqdı! Həmin gün Ulu Öndərimiz Heydər Əliyev dünyaya göz açacaqdı!
Belə gözəl bir diyarda Allahın belə gözəl bir günündə dünyaya gələn o körpə uşaq həmin gün sadəcə öz ata-anasının, qardaş-bacılarının və ümumilikdə, Əliyevlər ailəsinin, bu ailənin yaxınlarının ümidi, sevinci idi. Xalqımız hələ çox sonralar o körpə uşağı tanıyacaq, sevəcək və vaxtı gələndə o körpə bir xalqı dirçəldəcək, bir xalqı zülmdən, əzabdan, boyunduruqdan xilas edəcək, bu xalqa azadlığı, müstəqilliyi bəxş edəcəkdi. Ancaq hələ o vaxtın gerçəkləşməsi üçün Azərbaycan xalqına 70 il gözləmək lazım idi. Yüz illərlə azadlığa, müstəqilliyə qovuşmağı arzulayıb səbirlə gözləyən və bu yolda neçə-neçə oğlunu, qızını şəhid verən, həsrət çəkən bir xalq yenə gözləməli, yenə həsrət çəkməli idi. Ancaq 1923-cü ilin 10 may günü Əlirza kişinin ailəsində dünyaya gələn o nur üzlü körpə sanki bir günəş kimi, bir ümid işığı kimi o kasıb evini nurlandırdı. Heydər adı qoyulan o körpə doğulduğu andan ümid işığına çevrilmişdi…
O möhtəşəm hadisənin yaz fəslində baş verməsi təbiətin gözəlliyini də qat-qat artırmışdı. Lakin təbiət hər gün belə gül açmır, öz gözəlliklərini göstərmirdi. 1923-cü il və ondan qabaq gələn illər Azərbaycan xalqının bağrına bir ox kimi sancılmışdı. Müstəqilliyini qanı, canı bahasına, güclə əldə edən Azərbaycan onu 2 il belə qoruya bilməmiş və yadellilərə təslim etməyə məcbur olmuşdu. Qaniçən Qırmızı ordu “fəhlə və kəndlilərə azadlıq” şüarları altında utanmazcasına soyqırım planlarını həyata keçirir, beşillik plandan çox bir xalqın soyqırımını həyata keçirmək üçün yüzillik planları belə ortaya qoymaqdan çəkinmirdilər. Fəhlə-kəndliləri öz oyunlarına alət edən bu qaniçən yadellilərin ən çox qırdığı, soyqırım maşınından keçirdiyi təbəqə də elə fəhlə-kəndli təbəqəsi olurdu. Naxçıvan əhalisi o vaxtlar bu qaniçənlərdən çox çəkmişdilər. Əlirza kişinin ailəsi də çox çətin günlər yaşamışdı. O günlər heç bir zaman Naxçıvan xalqının yaddaşından silinə bilməzdi. Çünki hələ də o Naxçıvan camaatı, bütövlükdə, Azərbaycan xalqı o yaraların ağrısından qurtulmamışdı. Bütünlükdə Azərbaycan işğal olunmuşdu, yadellilər Azərbaycanın bir parçası olan Naxçıvana hər gün bir qoşun göndərirdilər. Əvvəl ingilislər, sonra italyanlar yerli Azərbaycan türklərini oyunlarına alət etməyə çalışsalar da, bunu bacara bilməmişdilər. Sonra isə Azərbaycanı işğal edən qaniçən Qırmızı ordu Naxçıvana daxil oldu. Əvvəlcə, Göyçə gölünün sağ hissəsindən başlayan Zəngəzur torpaqları məkrli, məqsədli formada ermənilərə verildi. Nəticədə, Naxçıvanla Azərbaycanın, eləcə də Turan ellərinin bir-biri ilə əlaqəsi kəsildi. Həmin vaxtlar qəsbkarların hətta Naxçıvanı Azərbaycandan alıb Ermənistana vermək cəhdləri də var idi. Körpə bala ceyran kimi anasından ayrılıb ovçuların gülləsinə tuş gələn Naxçıvan camaatı ayrılıq acısından sonra Ermənistana birləşmə xəbərinə dözə bilməmiş və üsyana başlamışdılar. Həmin üsyan nəticəsində Naxçıvanın yenidən Azərbaycan torpağı kimi tanınması qırmızılar tərəfindən razılaşdırılmışdı. Əlirza kişi də bu vəziyyətin hamısını yaxından görür və izləyir, özü də hər gün keçdikcə bu hadisələrin bir parçasına çevrilirdi. O, hər şeydən çox övladları və ailəsinin sağlamlığını, sakit yaşamalarını düşünürdü. Şəraitləri gündən-günə çətinləşsə belə, “qırmızı terror” öz sərt üzünü Azərbaycanda və ələlxüsus da Naxçıvanda daha çox göstərsə belə onun və ailəsinin ümidi hələ tükənməmişdi. Bundan sonra da tükənməsi o qədər asan olmayacaqdı. Çünki 1923-cü ilin yazının ən təravətli günlərində dünyaya göz açan o gözəl körpə ailənin gələcəyə olan ümidlərini təzələmiş və ilkbahar çiçəkləri kimi təravətləndirmişdi. Heydər doğulandan sonra Əlirza kişi və ailəsi dünyaya və onun sabahına daha ümidlə baxmağa başlamışdı. Onlar yaxşı mənada heç nəyin əvvəlki kimi olmayacağına inanırdılar…
Əliyevlər ailəsinin bu inamları boşa çıxmadı, çıxa bilməzdi də… Balaca Heydərin gələcəyinin necə parlaq, necə işıqlı olacağı və xalqının gələcəyini belə necə işıqlandıracağı bəlli olmalıydı… Bu onda gendən gələn bir xüsusiyyət kimi gələcəkdə özünün ən parlaq nümunələrini göstərəcəkdi. Damarında türk qanı daşıyan, türk millətinə mənsub olan, Azərbaycan türkü adını qürurla daşıyan bir fərd kimi balaca Heydərin necə bir gələcəyə sahib olacağı əvvəldən bəlli idi. Həmin vaxt yalnız bir ailənin ümidi olan körpənin gələcəkdə böyük, tarixi keçmişi olan bir xalqın ümidi olan bir öndərə, bir liderə çevriləcəyini zaman göstərəcəkdi…
Zaman gəldi və hər şeyi olduğu kimi göstərdi… Başdan-sona 80 il sürən, dünyanın ən çətin və çətin olduğu kimi də ən şərəfli həyatını yaşayan körpə Heydər bu həyatı mənsub olduğu xalqın, millətin Ulu Öndərinə çevrilmək üçün yox, o xalqa başçılıq etmək üçün yox, sadəcə o xalqı zülm girdabından, ədalətsizlik, haqsızlıq çuxurundan qaldırmaq, onları imperiya boyunduruğundan azad etmək üçün yaşadı və nə yaxşı ki yaşadı… 1920-ci illəri yaşamaq bütün Azərbaycan xalqına, eləcə də bütün “Sovet” şərqinə və “Sovet” ölkələrinə baha başa gəlsə də, xalqımız indi belə fikirləşir və düz də fikirləşir ki, nə yaxşı ki Azərbaycan xalqının qismətinə 10 may 1923-cü il tarixini yaşamaq düşüb… Nə yaxşı ki Azərbaycan xalqının qismətinə Heydər Əliyev kimi qəhrəman və əsl fəxr ediləsi, qürur duyulası bir öndər düşüb…
Ulu Öndərimiz Azərbaycanın ayrılmaz bir parçası, Azərbaycan da Ulu Öndərimizin ayrılmaz bir parçasıdır. Heydər Əliyev və Azərbaycan kəlmələri nəinki Ulu Öndərimizin sağlığında, onun hamımıza sonsuz kədər bəxş edən vəfatından sonra da bir səslənib, bir oxunub və həmişə də bir oxunacaqdır. Heydər Əliyev başdan ayağa, təpədən-dırnağa bir azərbaycanlı, bir türk oğlu idi. Bunu mən özüm demirəm, deyə də bilmərəm. Ulu Öndərimiz gəncliyindən ömrünün sonuna qədər həyatını əsl azərbaycanlı və əsl türk kimi yaşayıb. O, bunu həm söylədiyi sözlərində, nitqlərində, həm də etdiyi əməllərində sübut edib. Özü də layiqincə sübut edib. Əgər o, bunu sübut etməsəydi, Azərbaycan xalqının qəlbini fəth edə bilməzdi. Atalar yaxşı deyiblər, xalqın gözü tərəzidir. O, yaxşını yamandan, yamanı yaxşıdan ayırmağı bacarır. Heydər Əliyev Naxçıvanda doğma xalqına sədaqətlə xidmət edərkən Bakıda və eləcə də yurdumuzun dörd bir tərəfində xalqımız Heydər Əliyevi səsləyir, onu axtarır və onu təcili surətdə Bakıya, yenidən işinin başına dönməyə çağırırdı. 1969-1982-ci illərdəki o əmin-amanlığı, o sakitliyi, o dincliyi, o rifahı yenidən yaşamağı arzulayan və hər səhər bir parça çörək üçün saatlarla növbədə durmaqdan yorulub usanan xalq əzəli və əbədi xilaskarını çağırırdı. Xalq niyə onu çağırırdı? Bu sualın cavabı elə sualın daxilindədir. Çünki əvvəldə vurğuladığım kimi Ulu Öndərimizin qəlbi daima xalqla çırpınıb. O, daima öz xalqı ilə bir olub, bir yerdə dayanıb. Yeri gələndə öz sağlamlığını, yuxusuz gecələrini bu yolda sərf edib. 13 il Sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Azərbaycana dincliyi, rifahı və inkişafı yenidən qaytaran Ulu Öndər Azərbaycandakı bu inkişaf dinamikasını bütün Sovet ölkələrinə tanıtdı. Sovet ölkələri Azərbaycandakı bu sürətli inkişafa heyran oldular, təəccüb etdilər, bu inkişafı Ulu Öndərdən öyrənərək öz ölkələrinə tətbiq etdilər. Hətta yeniliklərinə, inkişaf etdirmə bacarığına görə onu qısqananlar da oldu. Elə bu sürətli inkişaf, rifah dinamikası səbəbi ilə də Heydər Əliyev o vaxtkı Sovet Sosialist Respublikaları İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdu və SSRİ məkanında ən geridə qalmış sahəni belə qısa vaxt ərzində dirçəltmiş, qabaqcıllar sırasına qatmışdı. Daxili və xarici düşmənlərimizin qısqanclığı, məkrli planları səbəbi ilə Ulu Öndərimiz o vəzifədə nə qədər az qalsa belə, Azərbaycan xalqını bütün Sovet arenasında bir o qədər çox tanıtdı, ucaltdı, başımızı ucalardan uca etdi. Bir zamanlar Sovet İttifaqına başçılıq edəcək qədər potensiala sahib olan, lakin sonra xarici düşmənlərimiz tərəfindən müəmmalı şəkildə aradan götürülən diplomatlarımızın, o cümlədən Nəriman Nərimanovun, Behbud ağa Şahtaxtinskinin və digər Azərbaycançı siyasətçilərin arzularını Heydər Əliyev illər sonra gerçəkləşdirdi, çin etdi.
Mövzuma belə qayıtmaq istəyirəm ki, Ulu Öndərimiz hansı şəraitdə, hansı vəziyyətdə və harada, nə vaxt olmasından asılı olmayaraq, daim öz xalqını düşünüb, onun rifahı, sevinci və dincliyi üçün çalışıb. İnsan sərrafı olan xalqımız Heydər Əliyevin 1969-1987-ci illərdə, o cümlədən elə 70 illik həyatı dövründə xalqımız, millətimiz üçün etdiyi gözəl əməllərini heç bir vaxt unutmayaraq 1993-cü ildə Azərbaycanın ən çətin, keşməkeşli vaxtında onu, məhz öz xilaskarı olan onu yenidən köməyə, xilas etməyə çağırmışdı! Xalqını həmişə hər kəsdən ucada, yüksəkdə bilən və görmək istəyən Ulu Öndər xalqın bu israrını, bu çağırışını bir əmr kimi dinləmiş və təcili surətdə yerinə yetirmişdi. Bu hadisə 15 iyun 1993-cü ildə baş vermişdi! Bir yay günü (14 iyul 1969-cu il) canından da artıq sevdiyi xalqına başçılıq etmək vəzifəsinə məmnuniyyətlə başlayan Ulu Öndər illər sonra yenə bir yay günü və bu dəfə elə xalqının çağırışı, “əmri” ilə yenidən başlayacaqdı… Onu Azərbaycanı xilas etməsi, xalqına başçılıq etməsi üçün Bakıya çağıran Azərbaycan xalqı, təbii ki, ondan başqasını prezident seçməyəcəkdi… 1993-cü ilin oktyabr ayında Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi! Özü də çevriliş etməyərək, xalqın demokratiya arzularını əlindən almayaraq. Əksinə, Ulu Öndər xalqın sözünü, qəlbinin səsini dinləyərək və elə xalqın arzusu, istəyi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Bu çətin, ağır vəzifəyə seçildiyi gündən son nəfəsinə qədər Ulu Öndərimiz xalqımızla əl-ələ verərək öz işinə başladı və üzərinə düşən dünya yüklü vəzifəni layiqincə yerinə yetirdi. Xalq onu çağırmağa heç zaman peşman olmadı, peşmanlıq hissi keçirmədi, heç zaman da belə olmayacaq. Heydər Əliyev üçün hər şeydən önəmli dövlət, xalq və millət idi. “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” deyən bir şəxsiyyətin vətənsevərliyinə şübhə etmək olardımı? Burada bir sualı vermək də yerinə düşər: Ulu Öndərimiz özündən çox sevdiyi Azərbaycanı necə xilas etdi? Bu sual çox maraqlı səslənir. Ancaq bu çətin olmayan sualın cavabı da çətin deyil. Buna Ulu Öndərimizin öz sözü ilə cavab vermək istəyirəm: “Əgər bir adamın arxasında xalq dayanırsa, ona heç bir qüvvə ilə təsir göstərmək olmaz”. Bəli, Heydər Əliyevin arxasında xalq dayanmışdı! Xalq həmişə onun yanında idi, o da həmişə xalqının yanında idi! Bunu danmaq olmaz ki, Ulu Öndərimiz Azərbaycana ikinci dəfə başçılıq etdiyi 10 il ərzində çox çətinliklərlə üzləşdi. Dəfələrlə hədələrə, təzyiqlərə məruz qaldı, hətta çevrilişlə hədələndi. Lakin bunların hamısı bir xülyaya çevrildi, bütün planlar suya düşdü və bu planları hazırlayanlar uğursuzluğa düçar oldular. Burada, təbii ki, bacarıqlı və uzaqgörən siyasətçi olan Heydər Əliyevin rolu danılmaz idi. Lakin onun rolu olduğu kimi xalqın rolu da burada şəksiz və şübhəsiz olaraq qeyd edilməlidir. Xalq ona inanırdı. Xalq onu sevirdi. Ulu Öndərimiz həm də xalqın ona verdiyi dəstək üçün və ən əsası bu dəstəyi hiss etdiyi üçün bütün çətinlikləri və maneələri dəf etdi, aşdı, xalqla əl-ələ verərək bütün problemlərə son qoydu. Vətəni ucalardan ucalara, zirvələrdən zirvələrə qaldırdı, xalqı ölüm çənbərindən xilas edib əsl qurtuluşa, rifaha qovuşdurdu, sarsılmaz, türk atalarımızdan qalan qədim dövlətçilik ənənələrinə söykənərək dövlətimizi sarsılmaz və güclü etdi. Əgər indi ölkəmiz 1990-cı illərin ölkəsi deyilsə, bunun ən böyük səbəbi xalqın dəstəyini alan Ulu Öndərimizdir. Əgər ordumuz və yurdumuz 1990-cı illərdəki kimi zəif və parça-parça olub səpələnmiş deyilsə, bunun ən böyük səbəbi yenə Ulu Öndərimizdir. Daxili və xarici düşmənlərimiz, vətənsevərlik adı altında xalqımızın rifahını istəməyənlərlə əlbir olanlar nə qədər bunu dansalar və etiraf etmək istəməsələr də, bu danılmaz bir faktdır. Həqiqətən də xalqın dəstək verdiyi, yanında durduğu bir insanı heç bir qüvvə öz təsiri altına ala bilməz. Çünki onun heç bir qara qüvvələrin maddi və ya mənəvi dəstəyinə ehtiyacı olmaz. Ona görə ki, ona ən böyük dəstəyi xalq vermişdir. Ataların bir sözü də var: “El bir olsa, dağ oynadar yerindən”. Bu sözlər Ulu Öndərimizin və qədirbilən, qəhrəman Azərbaycan xalqının timsalında bir daha öz təsdiqini tapır.
Heydər Əliyevi – bizim sevimli Heydər Babamızı, Ulu Öndərimizi anlamaq üçün “Ulu Öndər” sözünün nə mənaya sahib olduğunu anlamaq da insanlara kömək olar. Bu fəxri adı almaq üçün ilk öncə bu fəxri ada sahib olmaq üçün yaşamamalısan. Xalqın üçün, millətin üçün, onun rifahı, gələcəyi və səadəti üçün yaşamalı, vuruşmalı, çarpışmalısan. Öz həyatını və gələcəyini unutmalısan. Hətta bəzən öz varlığını da unudub özünü bütün qəlbin və ruhunla xalqının, millətinin yerinə qoymalısan. Yuxusuz gecələr, yorğun günlər yoldaşın, əzab, əziyyət və məşəqqət sirdaşın olmalıdır. Özünü sözün əsl mənası ilə xalqının mühafizəkarı, qoruyucusu və xilaskarı bilməlisən. Xalqını sevməli, qorumalısan. Uşaqdan-böyüyə hər kəsin qəlbində taxt qurmaq üçün yox, uşaqdan-böyüyə hər kəsin parlaq gələcəyə sahib olması üçün yaşamalısan. Əgər bir gün xalqın sənə ehtiyacı olsa, heç düşünmədən onun uğrunda hər şeyindən keçməlisən. Ölümdən qorxmamalı, ölümün gözünə dik baxmalısan. Ulu Öndərimizin dediyi kimi, əgər bir gün bir namərd gülləsi, bir terrorçu gülləsi səni həyatdan alıb aparacaqsa, bütün ailən və sevdiklərinlə birgə Ana Vətənə qurban getməyə hazır olmalısan və lazım gəldiyi an qurban getməkdən də çəkinməməlisən! Sən xalqım deməli, xalqın da sənin adını söyləməlidir. Öndər adı insana elə-belə verilməz. Öndər adını verən birdir, o da xalqdır! Bir xalqın öndərinə bu ad ancaq öz xalqı tərəfindən verilə bilər. Bütün bu sözlər elə ən yaxşı Ulu Öndərimizdə öz təsdiqini tapır. Elə ona görə də Heydər Əliyev həm uludur, həm də öndərimizdir. Bu, xalq tərəfindən 1993-cü ilin 15 iyununda qoyulmuş dəyişdirilməz və yekdilliklə qəbul olunmuş bir qanundur. Bunu dəyişdirməyə heç kəsin gücü çatmayıb, çata da bilməz.
2003-cü ilin 12 dekabrında Ulu Öndərimizin xalqla döyünən ürəyi dayansa da, xalqın onunla döyünən ürəyi dayanmayıb və dayanmayacaqdır! Heydər Əliyev qəhrəman xalqın qəhrəman oğludur! Bu günümüzdən əsrlər keçsə belə, bir şey təbiətin qanunu kimi dəyişilməz qalacaqdır: Heydər xalqım deyəcək, Xalq Heydər söyləyəcək!..
SEVİNDİK NƏSİBOĞLU
10-cu sinif şagirdi, şair-publisist, AJB üzvü