Weather Data Source: havadurumuuzun.com

Zakir Həsənov İran Silahlı Qüvvələrinin nümayəndələrini qəbul edib

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyanın görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.

Zefernews.az xəbər verir ki,

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, eləcə də Azərbaycan-Ermənistan şərti sərhədi və Qarabağ iqtisadi rayonundakı əməliyyat şəraitindən danışıb.

Müdafiə naziri son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.

General-mayor M.Əhədi Azərbaycan-İran əlaqələrinin qədim tarixi köklərə söykəndiyini və mehriban qonşuluq əlaqələrinin genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib.

Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 

Top