BÖYÜK OCAQ, BÖYÜK İNSAN, BÖYÜK SEVİNC
Uzun illər DİO-da çalışmış, istefada olan polis polkovniki, hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi vəkillik fəaliyyəti ilə məşğul olan atam Əliyev Nəsib Salah oğlunun 60 illik yubileyi münasibəti ilə
7 sentyabr tarixi hamımız üçün çox gözəl və çox sevincli bir gündür. 7 sentyabr sanki biz təzədən doğulur, ayaq açıb yeriyir, dil açıb danışırıq. Sanki həyat özünün yeni və gözəl səhifəsini bizim üzümüzə açır. Həmin gün hava şəraitinin necə olmasından asılı olmayaraq lap meteohəssas olsaq belə sevincimizin həddi-hüdudu olmur, şadlığımız, sevincimiz qanad çalıb yüksəkliklərdə, zirvələrdə uçur. Çünki həmin gün Allah bizə elə bir insanı bəxş edib ki, o insan olmasaydı, biz də olmazdıq. Onun bizə verdiyi təkan, bizə verdiyi ruh yüksəkliyi olmasaydı, o, həmişə bizim yanımızda olmasaydı nə mən, nə bacım öz sahəmizdə nailiyyətlər əldə edə bilməzdik.
Gözümüzün önündə özünün yeni-yeni səhifələrini, yeni-yeni fəsillərini göstərən həyat çoxşaxəli və müxtəlifdir. Elə uşaqlar var ki, onlar doğulduqları gündən və ağılları kəsən vaxtdan ömürlərinin sonuna qədər ata üzünə, ata səsinə, “oğul” sözünə, kəlməsinə həsrət qalırlar, ataları onları doğulmazdan və ya doğulandan sonra atıb gedir, uzaqlarda özünə yeni bir həyat, yeni bir ailə quraraq yaşayır. Nə xoş mənə, nə xoş bizə ki Uca Allah bizə belə bir həyat nəsib etməyib və etməyəcək. Nə xoş bizə ki Allah bizə belə bir nur, belə bir ocaq qismət edib. Nə xoş bizə ki Allah bizə zəhmətkeş ailənin zəhmətkeş, qürurlu, şərəfli övladını və bir atanın necə olması ilə bağlı verilən bütün suallara cavab verən, necə deyərlər, bütün o standartlara cavab verən bir ata nəsib edib. 7 sentyabr günü məhz buna görə bizim üçün ən əziz və ən gözəl gündür. Bizim ən sevdiyimiz bayram günü elə onun doğum günüdür. 7 sentyabr uzun müddət DİO-da işləmiş, “USTA” məharət dərəcəli, “ Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalları və “Polis orqanlarında əla xidmətlərinə görə” döş nişanı ilə təltif edilmiş, istefada olan polis polkovniki, hazırda Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan atam — Əliyev Nəsib Salah oğlunun yubiley doğum günüdür. Bu ilin 7 sentyabrı bizim üçün əsl bayramdır. Çünki həmin gün atamın 60 yaşı tamam olur.
Atam Nəsib Əliyev 7 sentyabr 1962-ci ildə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində anadan olmuşdur. Orta məktəbi doğulduğu kənddə əla qiymətlərlə başa vurduqdan sonra 1980-ci ilin oktyabr ayının sonlarında hərbi xidmətə yollanmışdır. O vaxtkı Sovet İttifaqının keçmiş Stalinqrad, indiki Volqoqrad şəhərində yerləşən hərbi hissələrindən birində hərbi xidmət keçmişdir. 1982-ci ilin oktyabr ayının sonlarında hərbi xidmətdən tərxis olunaraq kolxozda sıravi kolxozçu kimi əmək fəaliyyətini davam etdirmiş, 1983-cü ilin yayında sənədlərini Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) Hüquq fakültəsinə verərək qəbul imtahanlarından müvəffəqiyyətlə keçmiş və həmin fakültənin əyani şöbəsinə daxil olmuşdur. Atam həmin vaxta və hətta indiyə qədər də əldə etdiyi nailiyyətlərin hamısına öz zəhməti, gücü, sərf etdiyi fiziki, zehni əməyi, biliyi və bacarığı sayəsində nail olmuşdur.
Qeyd edim ki, onun atası, yəni mənim ata babam — Əliyev Salah Alı oğlu da çox zəhmətsevən insan olmuş, uzun müddət kolxozda çoban işləmiş, hər hansı bir təhsili olmasa da dövründə, zamanında tay-tuşları və əhatəsində olanlar arasında ağıllı məsləhətləri, uzaqgörənliyi, saflığı, təmizliyi, səmimiliyi, sədaqətliliyi, haqq-ədalət tərəfdarı olması ilə hələ cavan yaşlarından ağsaqqallıq statusu qazanmış biri olmuşdur. Atamın anası, yəni mənin ata nənəm hələ mən dünyaya gəlməmişdən bir neçə il əvvəl bunu hiss etmiş və həmin vaxtdan indi daşıdığım adı mənə vermişdir. Üzünü görmədiyim, lakin onun qırxı mərasimi günü dünyaya göz açmaqla ruhunu şad etməklə təskinlik tapdığım nənəm — Əliyeva Tərlan Nəbi qızı da eyni ilə babam kimi sadə, mehriban, səmimi, qayğıkeş, özündən əvvəl başqalarının yalnız və yalnız yaxşı güzəranını arzulayan, kimsəni incitməyən, yalnız hamıya yaxşılıq etməyə çalışan zəhmətkeş bir el ağbirçəyi olmuşdur. Nənəm də pambıqçı kimi kolxozda çalışmış, o vaxtkı SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin fərmanı ilə “Əmək veteranı” medalı ilə təltif edilmiş və təqaüdə çıxmışdır. Mənim atam, bax, belə bir zəhmətkeş ailədə böyümüş, belə bir ailədə tərbiyə almışdır. Həm nənəm, həm də babam özləri ibtidai təhsilli olmasalar belə onlar bütün çətinliklərə, əzab-əziyyətlərə qatlaşaraq öz övladlarının təhsil alması yolunda əllərindən gələni etmişlər. Bu ağsaqqal və ağbirçək üçün ən əsas məsələ təhsil idi. Elə ata-anasının arzularını çin etmək üçün atam bütün maneələri dəf etmiş, çətinliklərə qatlaşaraq bu uğurlara müvəffəq olmuşdur. Həmin vaxtlar gənclər arasında kolxozda işləmək üçün əsasən, kənd təsərrüfatı sahələrinə həvəs göstərilsə də atam hüquq fakültəsində təhsil almaq arzusunda olub və heç kəs onun bu arzusuna qarşı çıxmayıb. Əksinə seviniblər və sona qədər onun yanında olublar, eynən atam bizim yanımızda olduğu kimi.
Atam hələ yeniyetmə vaxtlarında mütaliə etməyi və dərslərinə daim hazırlıqlı olmağı çox sevən bir şagird olub. Hələ məktəb illərində örüş yerində, qoyun, mal-qara otarılan yerlərdə bir əlində çomaq, o biri əlində dərs kitabları olub. Hətta eşitdiklərimə görə yemək yeyəndə belə kitabdan gözünü çəkməzmiş. Kitaba, mütaliəyə və dərsə olan inanılmaz sevgisi onu buralara qədər gətirib. Əvvəl babam atama nə qədər kitab-dəftərə, təhsilə, ən əsası, torpağa, vətənə sevgi aşılamışdısa, atam da bu illər ərzində bizə həmin sevgini aşılayıb, babamdan öyrəndiklərini bizə ötürüb ki, biz də bizdən sonra gələn nəsillərə ötürə bilək. O da bir xoşbəxtlikdir ki, Allah atama da rəhmətlik babam kimi böyük şəxsiyyət, böyük ata, nənəm kimi bir ağbirçək ana nəsib edib. Əvvəl də qeyd etdiyim kimi babam və atamın arasında nə qədər pərdə olsa belə, onların arasında ata-bala münasibətləri ilə bərabər eyni zamanda sədaqətli, səmimi dost münasibətləri də olub. İstər babam, istərsə də atam çətinliyə düşəndə onlar bir-birlərinə köməklərini əsirgəməyiblər. Yəqin ki, bu qarşılıqlı sevgi, qarşılıqlı səmimiyyət və qarşılıqlı köməklik, böyüyün üzünə ağ olmamaq, kiçiyi darda qoymamaq — bunların hamısı bizə əvvəlki nəsillərimizdən miras qalıb və biz də bu mirası sevə-sevə qəbul edib gələcək nəsillərə verəcəyik.
Yenə qayıdaq atamın şərəfli həyat yolundan səhifələri vərəqləməyə. Atam 1983-1988-ci illərdə indiki Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsində ali təhsil aldıqdan sonra təyinat üzrə ixtisasına uyğun işlə təmin edilmədiyindən başqa ixtisas üzrə çalışmaqdansa əməyi, alın tərini, zəhməti üstün tutmuş, bir müddət yenə də kolxozda sıravi kolxozçu kimi çalışmış, 1991-ci ildə (hələ SSRİ-in dağılmadığı vaxt) o vaxt Azərbaycan SSR-in Daxili İşlər Naziri vəzifəsində işləmiş general Məhəmməd Əsədovun təhsilli gənclərə göstərdiyi yüksək diqqət və qayğı sayəsində həmin ilin iyun ayında ixtisası üzrə daxili işlər orqanlarında sahə inspektoru kimi əmək fəaliyyətinə başlamaqla SSRİ DİN-in əmrinə əsasən birbaşa “milis baş leytenantı” xüsusi rütbəsi almışdır. O, polis vəzifəsində 30 ilə yaxın bir müddət ərzində respublikanın 10 regionunda — Ağcabədi RPŞ (sahə inspektoru, baş ekspert-krimimalist), Xocavənd RPŞ (istintaq qrupunun müstəntiqi və baş müstəntiqi), Qax RPŞ (baş müstəntiq), Zaqatala RPŞ (istintaq bölməsinin rəisi), Sumqayıt ŞPŞ (baş müstəntiq), İmişli RPŞ (istintaq bölməsinin rəisi), Şirvan ŞPŞ (xidmət üzrə rəis müavini), İmişli stansiyasında XPŞ (Horadiz stansiyasında xətt polis bölməsinin rəisi), Xaçmaz stansiyasında XPŞ (rəis müavini), Nəqliyyatda Baş Polis İdarəsi (İstintaq və təhqiqat şöbəsinin rəisi), ölkəmizin ən cənubunda da, ən şimalında da, ən qərbində və ən şərqində də müxtəlif məsul vəzifələrdə çalışmış, peşəsini sevmiş, üzərinə düşən vəzifəsini şərəflə yerinə yetirmişdir. Polis zabiti olaraq 1991-1994-cü illərdə atəşkəs elan olunana kimi Birinci Qarabağ müharibəsində döyüş əməliyyatlarında şücaətlə iştirak etmiş, düşmənlə üz-üzə Füzulidə, həmin rayonun Qızılqaya yüksəkliyində, Aşağı Veysəllidə, Dilağarda kəndi olmaqla digər kəndlərdə, Xocavənd rayonunun Əmiranlar, Kuropatkino kəndlərində, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində, Ağdam rayonunun döyüş bölgəsi ilə həmsərhəd olan kəndlərində, eyni zamanda 2000-2002-ci illərdə respublikamızın qərb bölgəsində ölkəmizin ərazi bütövlüyü üçün təhlükə yarananda o, həm polis əməkdaşı kimi ictimai asayişin təhlükəsizliyini təmin etmiş, həm də bir vətənsevər kimi döyüş əməliyyatlarında düşmənə qarşı vuruşmuşdur. 1994-cü ildə “polis kapitanı”, 1998-ci ildə “polis mayoru”, 2011-ci ildə “polis polkovnik-leytenantı” və nəhayət, 2017-ci ilin fevral ayında “polis polkovniki” xüsusi rütbəsinə yüksəlmişdir.
Doğulduğu və böyüdüyü Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi 1993-cü ildə Ağdam işğal olunandan əvvəl və sonra iki dəfə erməni işğalçıları tərəfindən yandırılıb talan edildiyində bir müddət rayonun döyüş bölgəsindən kənarda yerləşən ərazilərində köçkün həyatı yaşadığından və şəraitsizlik səbəbindən atam yalnız 1997-ci ilin dekabr ayının son günlərində ailə həyatı qura bilmişdi. Bu günə şükürlər olsun ki, indi atamın ailəsində biz 4 nəfərik: atam, anam, 2000-ci il təvəllüdlü, nənəmin adını fəxrlə daşıyan bacım Tərlan və nənəmin qoyduğu adı fəxrlə daşıyan mən Sevindik. Onu da qeyd edim ki, bacım Tərlan Əliyeva atamın yolunu davam etdirir. O, bir zamanlar atamın ali təhsil aldığı Bakı Dövlət Universitetinin Hüquq Fakültəsinə yüksək balla qəbul olunaraq fərqlənmə ilə həmin fakültəni bitirmiş, dövlət qulluğuna imtahan verərək test mərhələsindən müvəffəqiyyətlə keçmişdir. Arzusu gələcəkdə hakim kimi haqqı-ədaləti qorumaqdır.
Şəhər-şəhər, qəsəbə-qəsəbə, kənd-kənd Azərbaycanımızın regionlarını dolaşıb asayişin keşiyində duran atamın DİO-da son vəzifəsi DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin rəisi vəzifəsi olur (2011-ci ildən 2019-cu ilin sentyabr ayına kimi). 2019-cu ilin sentyabr ayında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar olaraq atam polis xidmətindən ayrılsa da haqqın və ədalətin qorunması yolunda göstərdiyi səylər, çəkdiyi əziyyətlər haqqın, ədalətin nə olduğunu bilən polis işçilərindən tutmuş məhbuslara qədər bir çox insanların dilində dastan olur.
30 il asayişin qorunması yolunda çəkdiyi əziyyətlərdən sonra o, haqq-ədalətin qorunması yolunda daha bir şərəfli vəzifə üçün də irəliyə doğru addım atır. Belə ki, 2020-ci ildə atam sənədlərini Azərbaycan Respublikası Vəkillər Kollegiyasına verir. İmtahanları əla nəticələrlə başa vurduqdan sonra 2021-ci ilin dekabr ayında vəkillik adlı məsuliyyətli, çətin və şərəfli bir vəzifənin andını içir. Mənə də yeni vəkillərin andiçməsində onun and içməsinə şahid olmaq kimi şərəfli bir məqam nəsib olur. Həmin vaxtdan aylar keçsə də mən o günü dünənki kimi xatırlayıram və bir daha hər zaman olduğu kimi atamla, onun tutduğu haqq-ədalətlə dolu şərəfli yolla fəxr edirəm. O, indi haqq-ədalətin keşikçisi olduğu kimi, günahsızların və gücsüzlərin mühafizəçisi, ümid yeridir. O, bu vəzifəni də əvvəlki vəzifələri kimi şərəflə və qüsursuz yerinə yetirir və yetirəcək.
Atam ilə bağlı şanslı olduğum məqamlardan biri də odur ki, qeyd etdiyim kimi, o, bizə həmişə dayaqdır. Kefimiz pozulanda, ürəyimiz qırılanda o, bizə ürək-dirək verir, səhv iş gördüyümüz zaman (işin səhvliyindən asılı olmayaraq, lap kobud olsa belə) bizə güldən ağır söz demir, hirslənmir, əksinə xoş sözlər deyərək bizə nəsihətlər verir və bizi səhv yola istiqamətlənməkdən çəkindirib yalnız düz, doğru yolu göstərir. Nəyə isə ehtiyacımız olanda ona deməsək də o, ürəyimizdən keçənləri hiss edir, ürəyimizi oxuyur və ehtiyaclarımızı heç biz ağız açıb deməmişdən qarşılayır. Onun işlə bağlı və ya sevmədiyi bir halla rastlaşarkən kefinin yerində olmadığını biz hiss etdikdə onu sakitləşdirməyə çalışırıq, onun rahat olması, kefini pozan vəziyyətdən çıxması üçün əlimizdən gələni edirik. Əsl ailə olmaq mənə görə belədir və belə olmalıdır. Ailədə hər şey qarşılıqlıdır. Kömək, sevgi, səmimiyyət, hörmət…
Atam ailədə də asayişin və rifahın keşikçisidir. 39 ilə yaxın bir müddətdə hüquqşünas, həyat, iş təcrübəsi olduğu üçün atam bu yeni işində də çətinlik çəkmir. Onun məqsədi köməyə ehtiyacı olanlara bacardığı, qanunun yol verdiyi köməyi əsirgəməməkdir. Atam biz dünyaya gəldiyimiz andan bu günə kimi ən azı anam qədər bizim əziyyətimizi çəkib, vətənimizə, cəmiyyətimizə yararlı insan olmağımız üçün çalışıb. Ən pis günü xəstələndiyimiz gün, ən gözəl günü sağaldığımız, sevincli olduğumuz gün olub. Bizim saçımızın bir tükünə zərər gəlməməsi üçün öz sinəsini sipər edib. Ağlım kəsən andan bilirəm ki, atam bizim üçün əlindən gələn hər şeyi edib və etməyə də həmişə hazırdır. Dondurucu şaxtalarda da, əridici istilərdə də, ən pis gündə də, ən yaxşı gündə də… Hiss edirəm, atam da bunu bilir ki, biz də onun üçün, onun yolunda əlimizdən gələn hər şeyi hər zaman və hər şəraitdə etməyə hazırıq.
Allahdan arzu edirəm ki, ən pis günümüz belə, elə atamın doğum günündə özümüzü hiss etdiyimiz kimi yaxşı keçsin. Yaxşı günlərimiz də bundan da yaxşı və əla keçsin.
Mən 2016-cı ildə 8 yaşımda ikən atama “Atam işdən gələndə” adlı şeir həsr etmişdim. Həmin şeir 2018-ci ildə çap olunmuş, sayca ikinci olan “Hərdən uçmaq istəyirəm” adlı şeir kitabımda yer almışdır. Şeirin ilk bəndi belə idi:
“Atam işdən gələndə,
Evimizə nur gəlir.
O, bir azdan dincəlir,
Çünki uzaq yol gəlir.”
Mən fikirləşirəm ki, bu, indi də belədir. Atam işdən gələndə, ümumiyyətlə, hər dəfə evimizə qayıdanda evimizə nur gəlir, ocağımız sanki nurlanır. Atam ocağımızın nurudur və həmişə də elə olacaq.
Atam bizim qəlbimizdə və beynimizdə silinməz və şərəfli bir iz qoyub. Bu iz biz dünyadan köçənə kimi beynimizdə və qəlbimizdə qalacaq, yaddaşımızdan çıxmayacaq. Çünki bir insan yalnız yolunu azanda öz kökünü, soyunu, əcdadını, valideynlərini, öz vətənini, torpağını, doğulduğu yeri unuda bilər. Allah belələrindən uzaq eləsin! Atam, sözün əsl mənasında, həyatımızın mənasıdır. Bu, təkcə bizdə deyil, təbii ki, valideynlərini, vətənini, torpağını sevən hər bir insanda belədir. Atam öz davranışı, öz nuru, qaladığı ailə ocağı ilə bizim üçün əbədiləşib. Mən söz vermişəm və indi də söz verirəm ki, ömrümün sonuna qədər daşıdığım bu məsuliyyətli və şərəfli “Nəsiboğlu” təxəllüsünü bu təxəllüsə heç bir xələl və zərər gətirmədən daşıyacağam. Qoy hər kəs bundan sonra bu təxəllüsü dilinə gətirəndə simalarında təbəssüm, sevinc, qəlblərində istilik, səmimilik, mehribanlıq, humanistlik, haqq-ədalət hissi olsun. Qoy bu təxəllüsün sahibini beynində canlandıran hər kəs iki insan haqqında, ata-oğul haqqında düşünsün. Hər kəs ömür boyu şərəflə, vicdanla yaşamış və yaşayan Nəsib, onun atasına layiq olmağa çalışan oğlunu düşünsün, onları sanki ən yaxını imiş kimi qəbul etsin.
Son olaraq əsas məsələyə, təbrikə gəlmək istəyirəm. Mən ailəmizdə hamımız üçün canımızdan da əziz olan atam Nəsib Əliyevi 60 illik yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona Allahdan uzun ömür və can sağlığı arzulayıram. Allah onu bizə və bizi ona çox görməsin! Mən ona öz şərəfli və çətin peşəsində uğurlar, yenilməzlik və tutduğu şərəfli haqq-ədalət yolunda yorulmazlıq arzulayıram. Qoy onun öhdəsindən gəlməyə çalışdığı və gəldiyi bu məsuliyyətli peşə onu yormasın, əksinə onun həvəsini gündən-günə artırsın, ona tükənməz bir enerji versin. Ona Allahdan bu tükənməz enerjini arzulayıram. Allah bizə onunla birgə keçirəcəyimiz uzun-uzun illər bəxş etsin! Biz onunla sağlığında illərlə fəxr edək, onunla sevinək və gülək, qoy ona layiq olmaq üçün göstərdiyimiz bu səyləri o da görsün və sağ ikən qiymət versin.
Yubiley doğum gününü təbrik edirəm, əziz ata, ailəmizin atası, daim qəlbimizi isidən ailəmizin ocağı! Allah səni arzularına çatdırsın və qorusun! Amin!
SEVİNDİK NƏSİBOĞLU
9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü