Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib

Sentyabrın 6-da Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin payız sessiyasında ilk iclası keçirilib.
Zefernews.az xəbər verir ki,
İclası açan komitə sədri Ziyafət Əsgərov payız sessiyasında deputatlara uğurlar arzulayıb. O, bildirib ki, iclasın gündəliyinə 4 məsələ daxildir.
İclasın birinci məsələsi olan 2023-cü ilin yaz və növbədənkənar sessiyaları dövründə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində görülən işlər barədə hesabatını təqdim edən Ziyafət Əsgərov bildirib ki, hesabat dövründə komitənin 8 iclası keçirilib, 22 məsələyə baxılıb.
Komitədə 4 qanun layihəsi üç oxunuşda, 8 qanun layihəsi isə bir oxunuşda müzakirə edilib.
Bunlar “Fövqəladə vəziyyət haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Sanitar-epidemioloji salamatlıq haqqında”, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Yanğın təhlükəsizliyi haqqında”, “Milli arxiv fondu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” və digər qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələridir.



