Bu gün görkəmli tarzən, Xalq artisti Əhməd Bakıxanovun dünyaya göz açdığı gündür
Əhməd Bakıxanov 5 sentyabr 1892-ci ildə Bakıda anadan olmuşdur. İlk musiqi təhsilini İranda almış, 1920-ci ildən Bakıda musiqi məclislərində və konsertlərdə ifa etmişdir. 1930-cu illərdən Üzeyir Hacıbəyovun dəvəti ilə Azərbaycan Dövlət Konservatoriyasında, daha sonra Azərbaycan Dövlət Musiqi Kollecində muğamdan dərs demişdir.[2] 1931-ci ildə Xalq Çalğı Alətləri Ansamblını yaratmış, ömrünün sonunadək bu ansambla rəhbərlik etmişdir. 1973-cü ildən həmin ansambl Əhməd Bakıxanovun adını daşıyır.
Ə. Bakıxanov “Azərbaycan xalq rəngləri” (1964), “Azərbaycan ritmik muğamları” (1968), “Muğam, mahnı, rəng” (1975) kimi not nəşrlərinin müəllifidir.
Əhməd Bakıxanovun ifasından bir çox instrumental muğamlar — “Rast”, “Şur”, “Bayatı-Şiraz”, “Segah-Zabul”, “Rahab”, “Şüştər”, “Hümayun”, “Şahnaz” muğamları bəstəkar Nəriman Məmmədov tərəfindən nota salınaraq çap olunmuşdur. Ə. Bakıxanovun mənzilində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı yaradılmış, burada tarzənin xalq çalğı alətlərindən ibarət zəngin kolleksiyası nümayiş olunur.
26 mart 1973-cü ildə vəfat etmiş, İkinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
1994-cü ildə Əhməd Bakıxanovun 100 illiyinə həsr olunmuş tələbə və gənclərin tar alətində muğam ifaçılığı üzrə respublika müsabiqəsi keçirilmişdir.
Təltif və mükafatları:
“Azərbaycan SSR xalq artisti” fəxri adı — 23 mart 1973
“Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı — 4 dekabr 1964
“Azərbaycan SSR əməkdar müəllimi” fəxri adı — 17 iyun 1943
“Şərəf nişanı” ordeni — 25 fevral 1946