Weather Data Source: havadurumuuzun.com

Bakıda “Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbir təşkil olunub 

Sentyabrın 3-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısındakı parkda Qərbi Azərbaycanın etnomədəni mühitinin, habelə qeyri-maddi mədəni irsinin nümayiş etdirilməsi məqsədilə tədbir təşkil olunub.

Zefernews.az xəbər verir ki,

“Qərbi Azərbaycanın etnomədəni mühitinə səyahət” adlı tədbirdə Qərbi Azərbaycana məxsus milli geyim və mətbəx stendi, gündəlik həyatda istifadə olunmuş məişət əşyaları, tarixi abidələrin 3D maketləri nümayiş etdirilib.

 

Konsert proqramı ilə davam edən tədbirdə Vətənə, doğma yurda aid mahnılar səsləndirilib, Qərbi Azərbaycanın aşıq havaları ifa olunub.

 

Tədbirdə Milli Məclisin deputatları, media nümayəndələri, paytaxt sakinləri və xarici qonaqlar iştirak ediblər.

 

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-a açıqlamasında tədbirin önəmini xüsusi vurğulayaraq deyib: “Qərbi Azərbaycan İcması olaraq əsas məqsədimiz tarixi torpaqlarımızdakı Azərbaycan mədəni irs nümunələrinə sahib çıxmaq, bunu dünya ictimaiyyətinə çatdırmaqdır. Bu tədbir də həmin silsilədən atılan addımlardan biridir. Şübhəsiz ki, biz bu cür sərgilərin davamlı olmasını nəzərdə tuturuq. Sentyabrın sonuna qədər ölkədə bir neçə belə sərgi keçiriləcək. Belə sərgiləri xarici ölkələrdə də təşkil etməyi nəzərdə tutmuşuq. Qarşımızda Ermənistan kimi hər cür yalana, üsula əl atan düşmən dayanır. Biz onların qarşısına ancaq faktlarla, sənədlərlə, sübutlarla, mənbələrlə çıxmalıyıq ki, ermənilərin yüz illər ərzində dünya ictimaiyyətinin beyninə yeritdiyi yalanları, saxtakarlıqları qazıb çıxaraq və Qərbi Azərbaycan həqiqətlərini qəbul etdirə bilək”.

 

Mədəniyyət nazirinin müavini Səadət Yusifova tədbirin məqsədinin Qərbi Azərbaycanın etnomədəni mühitinin rekonstruksiya edilməsi, o cümlədən vaxtilə həmin torpaqlarda, mahallarda, yaylaqlarda xalqın keçirdiyi bayram şənliklərinin əhval-ruhiyyəsinin canlandırılması olduğunu vurğulayıb. Qeyd edib ki, bu tədbirin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində onun adını daşıyan Heydər Əliyev Mərkəzinin qarşısında keçirilməsi də rəmzi xarakter daşıyır. Ümummilli Lider inanırdı ki, nə vaxtsa, ədalət bərpa olunacaq və Qərbi azərbaycanlılar öz yurdlarına qayıda biləcəklər.

 

Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra keçmiş məcburi köçkünlərin Qarabağa, Şərqi Zəngəzura dönmək imkanı əldə etdiklərini diqqətə çatdıran nazir müavini bildirib: “Şanlı Qələbədən sonra Qərbi azərbaycanlıların da öz ata-baba ocaqlarına qayıtmaq ümidi yaranıb. Dövlətimizin başçısının çıxışlarında Qərbi azərbaycanlıların da öz yurdlarına qayıdacağını bildirməsi ümidlərin, xəyalların reallığa çevriləcəyi günün çox da uzaqda olmadığına bir işarədir. Həmin imkan sülh müqaviləsi imzalanandan sonra yaranacaq. Vaxt gələcək həmin doğma torpaqlara da qayıdacağıq, qurub yaradacağıq və Azərbaycan mədəniyyətini çiçəkləndirəcəyik”.

 

Qərbi Azərbaycan İcmasının sədr müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu xüsusilə indiki dövrdə bu sərginin təşkilinin önəmli olduğunu qeyd edib: “Qərbi Azərbaycanın etnomədəni mühitini əks etdirən sərgidə təqdim olunan maddi-mədəniyyət nümunələri bir daha onu göstərir ki, Qərbi Azərbaycan xalqımızın milli-mədəni inkişafının formalaşdığı coğrafiyalardan biridir. Qərbi azərbaycanlıların ermənilər tərəfindən soyqırımına, etnik təmizləmə siyasətinə məruz qalmasına baxmayaraq, bu gün yenidən böyük coşqu ilə öz hüquqlarını tələb etmələri məhz bu mədəniyyətdən, tariximizdən və milli yaddaşımızdan aldığımız güclə əlaqədardır. BMT və digər beynəlxalq təşkilatlar, strukturlar Qərbi azərbaycanlıların müraciət və çağırışlarını cavabsız qoymurlar. Gec-tez Paşinyan da Qərbi azərbaycanlıların çağırışlarına cavab vermək məcburiyyətində qalacaq. Qərbi azərbaycanlılar ləyaqətlə doğma torpaqlarına qayıdaraq tarixən yaratdıqları bu mədəniyyəti yenə də öz torpaqlarında inkişaf etdirəcəklər”.

 

Qeyd edək ki, Qərbi azərbaycanlıların onilliklərlə pozulmuş hüquqlarının bərpası, onların tarixi yurdlarına qayıtmaları istiqamətində hazırda yüksək səviyyəli sistemli iş həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də – doğum günündə məhz Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə İcmanın qərargahında görüşməsi və çox vacib mesajlar verməsi bu istiqamətdə işlərin daha mütəşəkkil və ardıcıl şəkildə reallaşdırılmasını təmin etdi. Qərbi Azərbaycandan olan əhalinin pozulmuş hüquqlarının carçısına çevrilmiş İcma bu prosesə öncülük edərək, Ermənistanın xalqımızın tarixi-mədəni irsini məhv etməsi ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması işində fəal çıxış edir, on minlərlə Qərbi azərbaycanlının doğma yurdlarına qayıtması üçün yorulmadan çalışır.

Top