Weather Data Source: havadurumuuzun.com

“Biz birlikdə güclüyük” adlı yay düşərgəsinin bağlanış mərasimi olub

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Cırtdan” Uşaq İstirahət Mərkəzində keçirilən “Biz birlikdə güclüyük” adlı yay düşərgəsinin bağlanış mərasimi keçirilib.

 

Zefernews.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində istedadlı düşərgə iştirakçılarının rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Eyni zamanda, düşərgə iştirakçıları Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, modelyer-dizayner, teatr və kino rəssamı Gülnarə Xəlilovanın kolleksiyasını təqdim ediblər.

Dövlət Komitəsinin sədri Bahar Muradova uşaqlarla söhbət edib, onların təəssüratlarını öyrənib. O, çıxışında 10 gün ərzində uşaqların maraqlı təlim və ekskursiyalarda, həmçinin musiqi və film gecələrində müxtəlif bilik və bacarıqlara yiyələndiyini, yay məktəbinin əlverişli inkişaf platformasına çevrildiyini vurğulayıb. Həmçinin bildirib ki, müvafiq strategiya üzrə keçirilən belə tədbirlərin əsas qayəsi uşaq iştirakçılığını təmin etmək və onların inkişafına dəstək olmaqdır.

 

Yazıçı-publisist Şəmil Sadiq çıxış edərək düşərgə iştirakçılarının təlim, intellektual oyunlar və idman yarışlarına fəal qatılmasını diqqətə çatdırıb, onlara tövsiyələrini verib və uğurlar arzulayıb.

Sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi müxtəlif milli rəqs nömrələri təqdim edib.

Bağlanış mərasimi düşərgə iştirakçılarının müvafiq sertifikatlarla təltif olunması ilə yekunlaşıb.

Top