Zəlimxan Yaqub şeirləri
AMAN ALLAH,
DÜNYA NECƏ ŞİRİNDİ
Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.
Kim bəxtindən, taleyindən yarıdı,
Kimin bəxti axıracan sarıdı.
Dünya çiçək, insan oğlu arıdı,
Aman Allah, dünya necə şirindi.
Göylərə bax, göyü günlü, yağışlı,
Yerlərə bax, yeri güllü, naxışlı.
Gözəlləri tülək tərlan baxışlı,
Aman Allah, dünya necə şirindi.
Baxmaq üçün bərəsi var, bəndi var,
Gəzmək üçün şəhəri var, kəndi var.
Şəkəri var, pətəyi var, qəndi var,
Aman Allah, dünya necə şirindi.
Səsli gələn səssiz ölmək istəmir,
Heç bir canlı ölüb itmək istəmir.
Hamı gəlir, gələn getmək istəmir,
Aman Allah, dünya necə şirindi
BULAQ
Elə bulaq dedim, bulaq eşitdim,
Nə var bu dünyada bulaqdan gözəl.
Axdı ürəyimə, axdı qəlbimə,
Yaxından yanğılı, uzaqdan gözəl.
Dərdləri, qəmləri vurdum, taladım,
Ömrümə-günümə ömür caladım.
Bulaq kənarında ocaq qaladım,
Odlu duyğularım ocaqdan gözəl.
Yerlərə, göylərə vurulur insan,
Saattək təzədən qurulur insan.
Sulara baxanda durulur insan,
Olur ləldən gözəl, dodaqdan gözəl.
Hər dərddən, xəbərdən, hər sirdən agah,
Sökülür dan yeri, açılır sabah.
Ana təbiətin nəyi var, Allah,
Bu sudan, havadan, torpaqdan gözəl.
YAZILMALIDIR
Nəsillər dəyişir, fəsillər ötür,
Qış getdi, dalınca yaz olmalıdır.
Bulaqlar başına çıxanlar bilər,
Harda söhbət düşüb, saz olmalıdır.
Ətrini yaydıqca yazın çiçəyi,
Artır düşüncənin, sözün çiçəyi.
Çiçəyin nazı var, nazın çiçəyi,
Çiçək olan yerdə naz olmalıdır.
Çox-çox yazıları pozuram indi,
Ölüb getməyə də hazıram indi.
Tale şeirləri yazıram indi,
Çox şeylər təzədən yazılmalıdır.
GÖRƏSƏN
Ömrün axırına nə qalıb görən,
Ömrü ömür kimi sürəcəyəmmi?
Ətirli çöllərin çıxıb qoynuna,
Yazda çiçəkləri dərəcəyəmmi?
Dünyaya dağılan şeirlərimi,
Ucalıb dağ olan şeirlərimi,
Təzəcə doğulan şeirlərimi,
Qəlbin süfrəsinə sərəcəyəmmi?
Qalmayıb dizimdə taqətim, heyim,
Susub birdəfəlik kamanım, neyim.
Bu gün-sabahlıqdı bəlkə taleyim,
Görəsən sabahı görəcəyəmmi?
QOCA DAĞ
Ay qoca dağ, gəldim sənə baş çəkim,
Sevincimi qəm eyləmə, sən Allah.
Kövrəlirəm səni tutqun görəndə,
Üz-gözünü nəm eyləmə, sən Allah.
Fikir çəkim, duman çəkim, çən çəkim,
Qayğıları tən daşıyım, tən çəkim.
Nə dərdin var, qoy çoxunu mən çəkim,
Sən kefini kəm eyləmə, sən Allah.
Yaxşı qoru mərd duruşu, şaxlığı,
Gözəl olur qocalığın şuxluğu.
Bu vətəni, bu bolluğu, toxluğu,
İtə-qurda yem eyləmə, sən Allah.
XATİRƏ QALSIN
Gözümüz nəyi görür,
Yazın, xatirə qalsın.
Bir sözü min bir yerə,
Yozun, xatirə qalsın.
Baxın torpağa, daşa,
Bu dünya bir tamaşa.
Dünyanı başdan-başa,
Gəzin, xatirə qalsın.
Vurun şirin xalları,
Geniş açın qolları.
Yorun uzaq yolları,
Azın, xatirə qalsın
Dodaqda oynasın səs,
Ömür keçməsin əbəs.
Dünyada bir müqəddəs,
Həzin xatirə qalsın.
MƏN SƏNİ GÖRƏNDƏ
“Mən səni ilk dəfə görəndə
saçların qapqaraydı.
Bu saç-saqqalı nə tez ağartdın,
ay oğul.”
Həmayıl xanımın dediklərindən
Mən səni ilk görəndə
qapqaraydı saçların,
Qızılından bahaydı
şahlar qoyan tacların.
Ən şirin meyvəsiydin
bar verən ağacların,
İndi hanı o saçlar?
Hanı qapqara qaşlar?
Mən səni ilk görəndə
üzdə qırış yoxuydu,
Qocalıq yollarında
bir çağırış yoxuydu.
Tutqun payız yoxuydu,
boranlı qış yoxuydu,
İndi hanı şahlığın?
Hanı o gümrahlığın?
Mən səni ilk görəndə
bulaqlardan duruydun,
Alovlu baxışların
atəşiydin, nuruydun.
Düzlərin bərəkəti,
dağların qüruruydun,
Heyif o heyranlığa,
Heyif o cavanlığa.
Gənclik dönüb gələydi
nola bircə anlığa.
Mən səni ilk görəndə
əldə əsmə yoxuydu,
Ürəkdə bir titrəyiş,
bir tələsmə yoxuydu.
Ağrı özü yoxuydu,
ağrıkəsmə yoxuydu,
Sağlam bir an varıydı,
Ruhda, gözdə, fikirdə,
bir həyəcan varıydı.
İndi səni görürəm
qartalmış qoca kimi,
İndi səni görürəm
tüstüsüz baca kimi.
İndi səni görürəm
xocasız xoca kimi.
Xocasan, xocan hanı?
Yanar odun, alovun
tüstülü bacan hanı?
Səni görmək istərəm
ucalan bir dağ kimi,
Səni görmək istərəm
qızılı bir çağ kimi,
Səni görmək istərəm
millətə bayraq kimi.
Sənin bu ağ saçların
səni bizdən almasın,
Cavan saxla ürəyi,
ürəyin qocalmasın!
Zəlimxan Yaqub
Zəfərnews.az