Festivalın açılışında Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova xüsusi qonaq qismində çıxış edib. Səfir bildirib ki, bu il Azərbaycan kinematoqrafiyası 125 illiyini qeyd edir, ölkəmizdə film sənayesinin tarixi, demək olar ki, dünya kinematoqrafiyasının tarixi ilə üst-üstə düşür. 1895-ci ildə Parisdə Lümyer qardaşları kinematoqrafı ixtira etdikdən sonra 1898-ci ildə fotoqraf Aleksandr Mişon Bakıda ilk süjetləri lentə almaqla yerli  kinematoqrafiyanın əsasını qoyub.

Diplomat ötən il Azərbaycanın Polşadakı Səfirliyinin Polşa Kinorejissorları Assosiasiyası ilə birgə “Azərbaycan Filmləri Həftəsi” təşkil etdiyini, həmçinin Bakının “Visla” Polşa Film Festivalına ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Avrasiya Film Festivalının ilk buraxılışında iki Azərbaycan filminin yer aldığını məmnunluqla vurğulayan səfir nümayiş olunacaq filmlər barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edib ki, bu rejissor Asif Rüstəmovun “Mərmər soyuğu”, Polşada yaşayan həmyerlimiz Həmid İbadullayevin “Ünvansız ruh” filmləridir. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi Tallində keçirilmiş “Qara Gecələr” Film Festivalının əsas müsabiqə proqramında, həmçinin bu yaxınlarda Fransada keçirilmiş Beynəlxalq Asiya Film Festivalı, Bolqarıstanda keçirilmiş Beynəlxalq Sofiya Film Festivalında nümayiş olunub

Zəfərnews.az

Aygün Məmmədova