Bakıda havanın temperaturu iqlim normasından 7.2° yüksək olub
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin martın 28-nə olan məlumatına əsasən bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb, şimal-qərb küləyi bəzi bölgələrdə arabir güclənib.
Xidmətdən ZeferNews.az-a bildirilib ki, düşən yağıntının miqdarı Sədərəkdə 12, Şərurda 9, Gədəbəydə 8, Şahbuzda 6, Naxçıvan, Culfa, Qrız, Ordubadda 5, Şahdağ, Daşkəsəndə 4, Qusar, Şəki, Tovuzda 3, Qax, Göygöl, Ağstafada 2, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Balakən, Oğuz, Qəbələ, Altıağac, Şamaxı, Zaqatala, Qobustan, Quba, Xaltan, Sabirabad, Neftçala, Astarada 1 millimetrədək olub.
Qar örtüyünün hündürlüyü Şahdağda 2, Qrızda 1 santimetr təşkil edib.
Şimal-qərb küləyi əsib, sürəti Naftalanda saniyədə 28, Tərtərdə 20, Bərdədə 19, Gəncədə 18, Şabranda 17, Şəmkirdə 16, Bakıda və Abşeron yarımadasında arabir 17 metrədək güclənib. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2.1 metrə çatıb.
Sumqayıt, Daşkəsən, Göygöl, Şahdağ, Qrız, Şəki, Qax, Lerikdə duman müşahidə olunub.
Martın 27-də Bakıda havanın temperaturu iqlim normasından 7.2° yüksək olub. Belə ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20°-dək, Naxçıvanda 23°-dək, dağlıq rayonlarda 12°-dək, aran rayonlarında 22°-dək isti təşkil edib.
Martın 28-i səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, martın 28-i gündüz və 29-da ölkə ərazisində hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi, mülayim cənub küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır.