Weather Data Source: havadurumuuzun.com

KİTABLARLA SƏYAHƏT EDƏK

KİTABLARLA SƏYAHƏT EDƏK

Keçmişdə yunan filosofu Sokratdan: “Bu qədər kitab oxuyaraq nə öyrəndiniz?” – deyə soruşanda, o, “Heç nə bilmədiyimi öyrəndim!” – cavabını vermişdi.
Bu sözlər yalnız onun təvazökarlığını deyil, həm də elm və bilik dünyasının sonsuz olduğunu dərk etdiyini göstərir.
Doğrudan da, insan nə qədər çox oxuyur və öyrənirsə, onun elmə olan susuzluğu artır, özünü dərk etmə və özünə olan tələbləri də artır.
Elm insanı təvazökar edir, onun “Bilən mənəm” adlı qürurunu düşüncəsindən silib atmağa məcbur edir.
Elə buna görə də kiminsə “Hər şeyi bilirəm” dediyini eşitsəniz, bilin ki, həmin adam heç nə bilmir.

İnsanın ömrü – axtarış, anlama və dərk etmə yoludur.
Bu dünya o qədər genişdir ki, burada oxuyub öyrənə biləcəyimiz şeylərin sayı-hesabı yoxdur.
Bu həqiqəti Peyğəmbərimiz Məhəmmədin (s.ə.s) “Beşikdən qəbirədək elm axtarın” kəlamları daha dərindən başa düşməyimizə yol göstərir.
Elm yolu insanın hikmət və mərifətə çatma yoludur.
Kitablar isə bu yolda ən mühüm bələdçilərdir.

Kitab – bütün elmlərin xəzinəsi, düşüncə üçün açılmış zənginlik qapısıdır.
Lakin bu zənginliyin dəyərli olması üçün onu yalnız açmaq kifayət deyil, oxumaq, anlamaq və mənimsəmək vacibdir.
Kitab oxunduqca insanın mənəvi sərvətinə çevrilir, mənəvi inkişafı üçün görünməz xəzinələr bəxş edir.
Bu xəzinələr zənginlik kimi əllərə deyil, qəlbə daxil edilir.

Amma etiraf etməliyik ki, bu gün kitab oxumağa olan maraq, oxucu səviyyəsi xeyli azalıb.
Bəzi insanlar mənəvi aləmdən çox sosial şəbəkələrə üstünlük verirlər.
Həyatda hər şeyin öz yeri və dəyəri var.
İnternetin sürətli inkişafı əlbəttə, yaxşıdır, amma bu, kitab oxumağı kənara atmaq demək deyil.
Təəssüf ki, çoxları telefon və sosial şəbəkələrdə həddindən artıq vaxt sərf edərək yaradıcılıq potensiallarını məhv edirlər.
Ən dəhşətlisi isə budur ki, öz əllərimizlə yaratdığımız ixtiralarımıza tabe olur, onların qurbanına çevrilirik.
Bəzən düşünürəm: görəsən, həyat yalnız sosial şəbəkələrdənmi ibarətdir?

Şükür ki, kitablar var!
Onlar hər zaman insana faydalı səyahətlər, yeni anlayışlar və yeni dünyalar kəşf etmək imkanı təqdim edir.
Səyahət hər bir insan üçün vacibdir.
Səyahət insanı zənginləşdirir, digər millətləri, onların həyat təcrübəsini və mədəniyyətini öyrənməyə imkan yaradır.
Lakin hər kəsin real səyahət etməyə imkanı yoxdur.

Amma… kitablar bizə mənəvi səyahət imkanı verir.
Kitablar vasitəsilə mən sevincli və kədərli qəhrəmanları tanıyır, onların hisslərinə şərik oluram.
Qəlbim və düşüncəm onlarla birlikdə uzaq diyarlara, keçmişə və gələcəyə səyahət edir.
Hər səhifə – bir yenilik, hər fəsil – bir gəzinti.
Kitablar insan ruhunu təzələyir, düşüncəsini azad edir və daim axtarışa səsləyir.

Ona görə də hər bir insan üçün kitaba olan sevgi yalnız vərdiş deyil, həyat ehtiyacına çevrilməlidir.
Eləcə də təfəkkür və təsəvvür dünyamızı inkişaf etdirmək üçün kitablarla səyahəti vərdişə çevirməliyik.
Heç olmasa, ayda bir dəfə kitab dünyasına dalmaq, onun sonsuz nurundan faydalanmaq insanın mənəvi inkişafında ən mühüm addımlardan biridir.

Kitablar – insanlığın ən qiymətli xəzinəsidir, onları əldən buraxmaq olmaz.
Sizdə elə bir imkan var ki, onu əldən verməyin!
Vaxtı boşa sərf etməyin, kitablarla səyahət edin.
O zaman qəlbinizin üfüqləri yeni fikirlər və ideyalarla dolacaq, qəlbiniz nurlanacaq.
Hər səhifədə mənəvi zənginliyin yeni cəhətlərini kəşf edərək, ruhunuz gözəllik və dərinliklə dolacaq, həyata baxışlarınız daha da zənginləşəcək.
Hər oxunan kitab, hər başa düşülən fikir həyatınıza yeni mənalar bəxş edəcək, qəlbinizdə coşqu və parlaq arzuların qığılcımını alovlandıracaq.

Müəllif:  Cahangir NAMAZOV,
“YAZARLAR” jurnalının redaksiya heyətinin üzvü, Özbəkistan üzrə təmsilçisi.

CAHANGİR NAMAZOVUN YAZILARI

Güli Nigor (Gülchehra Juraeva)nın yazıları

XASİYYƏT RÜSTƏİN YAZILARI

XASİYYƏT RÜSTƏMOVANIN YAZILARI

XOSİYAT RUSTAMOVANIN YAZILARI

TORA SÜLEYMANIN YAZILARI

CİHANGİR NOMOZOVUN YAZILARI

HÜSNÜİDDİN HAYITIN YAZILARI

>>>> ƏN ÇOX OXUNAN HEKAYƏ <<<<

Mustafa Müseyiboğlu adına kitabxana

“ƏDƏBİ OVQAT” JURNALI PDF

“YAZARLAR”  JURNALI PDF

“ULDUZ” JURNALI PDF

“XƏZAN”JURNALI PDF

WWW.KİTABEVİM.AZ

YAZARLAR.AZ

===============================================

<<<< WWW.YAZARLAR.AZ və  WWW.USTAC.AZ >>>> 

Əlaqə: Tel: (+994) 70-390-39-93   E-mail: zauryazar@mail.ru

Top